RU

Zəfər günlü təqvimimiz 

Təqvimimiz bayramlar sarıdan zəngindir. Köhnə il də bayramla yekunlaşır, yeni il də bayramla başlayır. Yeni ilə köhnə ilin qayğılarından can qurtararaq addım atmağa çalışırıq. Təzə ilin bizə uğurlar gətirəcəyinə əminlik hissi ilə ömrümüzü xırdalayıb üyüdən günləri tələsmədən bir-bir yaşayırıq. 

Ömür bizdən heç nə soruşmadan yavaş-yavaş günləri əlimizdən alıb keçmişə sovurur, dayanmadan elə hey bizi sabahlara tələsdirir. Bizimsə geriyə yolumuz yoxdur. 

Bəs görəsən bu bayramlar bolluğunda təqvimimizdə çatışmayan, yeri görünən bayram hansı idi? Təbii ki, Zəfər bayramı! O Zəfər bayramı ki bizə bol-bol sevinc gətirəcəkdi. O Zəfər bayramı ki bizə erməni işğalı altında olan torpaqlarımızı qaytaracaqdı. O Zəfər bayramı ki bir milyondan artıq köçkünü doğma ocaqlarına qovuşduracaqdı. O Zəfər bayramı ki Qarabağ müharibəsinə son qoyacaq, regiona sülh və əmin-amanlıq gətirəcəkdi. 

İllərdən bəri səngərlərdə dayanan zabitin də, əsgərin də məqsədi düşməni məhv edib Zəfər qazanmaq idi. Uzun illər idi xalqımız ordusundan Qələbə müjdəsi gözləyirdi. Qoy təqvimimizin hansı gününə, hansı ayına düşürsə-düşsün, bizim üçün fərq etməzdi, təki o gün qapımızı döysün, təki o gün ömrümüzə günəş kimi doğsun. Həmin gün hamımız üçün əziz və doğma olacaqdı. O günü təntənə ilə qeyd edəcək, yaddaşımızın dərin qatlarına yazacaydıq. Sevinc dolu o xoş günü bizə yaşatdıqlarına görə Müzəffər Ali Baş Komandana, ordumuzun zabit və əsgərlərinə xoş sözlər deyəcək, qəhrəmanlıqları ilə öyünəcəydik. 

27 sentyabr 2020-ci ildə torpaqlarımızın işğaldan qurtuluşu uğrunda döyüşlər başladı. Ordumuzun qəhrəman zabit və əsgərləri bütün cəbhəboyu düşmənə sarsıdıcı zərbələr vurdu. İgid Azərbaycan əsgərinin gücü qarşısında dayana bilməyən qəsbkarlar 30 ilə yaxın işğal etdikləri torpaqlarımızdan qovuldular. 

Noyabrın 8-də Azərbaycan xalqı cəbhədən şad xəbər eşitdi. Musiqi beşiyimiz Şuşa erməni işğalçılarından azad olunmuşdu. Xalqa bu müjdəni Müzəffər Ali Baş Komandan verdi. Şad xəbəri eşidən xalq küçələrə, meydanlara axışdı. Sevinc sevincə, fərəh fərəhə qarışdı. 

Bu gün üçrəngli bayrağımız Vətən müharibəsində azad edilmiş bütün şəhər və kəndlərimizdə dalğalanır. Qarabağda, Şərqi Zəngəzurda çox sürətlə abadlıq və quruculuq işləri aparılır. Keçmiş köçkünlərə evlər tikilir. Artıq köç karvanları geri dönür. İllərdən bəri doğma ocaqlarının həsrətini çəkən insanlar indi ata-baba yurdlarında şad-xürrəm yaşayırlar.  

Axır ki, təqvimimizdə ehtiyac duyulan bayram öz yerini tapdı. Prezident  sərəncamla Şuşanın erməni işğalından azad olunduğu günü təqvimimizə Zəfər Günü kimi yazdı. İndi təqvimimiz əvvəlkindən daha işıqlı görünür. 5 ildir ki, xalqımız həmin günü təntənə ilə, sevinclə qeyd edir.

                                                                         

Vahid MƏHƏRRƏMOV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Избранный
54
azerbaijan-news.az

1Источники