RU

Onlayn oyunlar ailələri dağıdır, insanları borc bataqlığına sürükləyir

ain.az bildirir, Sherg.az saytına əsaslanaraq.

“Tik-tokerlərin “lüks həyat” görüntülərinin arxasında təhlükəli plan var”

Sosial şəbəkələrdə “Koti” kimi tanınan fenomen Zeynəb Zeynallı məsuliyyətə cəlb olunub. O, qanunsuz qumar oyunlarını təbliğ etdiyi üçün məhkəmə önünə çıxarılıb. Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə 25 yaşlı tiktoker özünü təqsirli bilərək əməlini etiraf edib.

O, 2023-2025-ci illərdə özünə məxsus instaqram hesabında qanunsuz mərc saytlarını reklam etdiyini, bunu bir daha təkrarlamayacağını bildirib. Hakim Tural Musayevin sədrliyi ilə keçirilən prosesdə Zeynəb Zeynallı İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi üzrə təqsirli bilinib və o, 600 manat məbləğində cərimə edilib. Qeyd edilir ki, onunla bağlı protokolu Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərtib edib. 

Bu, ilk deyil, artan sürətlə yayılan neçənci hadisədir baş verir. XX əsrin əvvəlində "Top-Az"ın tətbiqiylə başlanan “modern qumar” çox qısa müddətdə onlayn qumara keçdi. Və təəssüf ki, sosial şəbəkələr qumar, mərc oyunlarının əsas platformasına çevrildi. Müsbət hal budur ki, Daxili İşlər Nazirliyi tərəfindən bu cür hallara qarşı effektiv tədbirlər görülür. DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən bir müddət əvvəl həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində Aqil Məmmədzadə və onun başçılıq etdiyi dəstənin digər üzvləri - Orxan Gözəlov, Elmar Gözəlov, Tacir Məmmədzadə, Emil Əmrahlı, həmçinin digər dəstəyə rəhbərlik edən Ülvi Məmmədov saxlanıldı. Həmin şəxslərin ölkə hüdudlarından kənarda yaradılmış və qanunsuz fəaliyyət göstərən mərc və digər qumar oyunlarının təşkilatçıları ilə əlaqə saxlayıb, onlardan "fastloto.com" və digər internet saytlarında təşkil edilmiş qumar oyunlarında iştirak üçün gizli şifrələr əldə etdiyi bildirildi. Məlum oldu ki, bu şəxslər sosial platformalarda “Kral Kazino" və digər adlar altında virtual kassa yaradaraq onlarla əlaqə saxlayan şəxsləri pul müqabilində qumar oyunlarına cəlb ediblər. Məhkəmə qərarları əsasında dəstə üzvlərinin istifadə etdikləri gizli ofislər, mənzillər və saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, xarici ölkələrə məxsus mobil telefon nömrələri və digər maddi sübutlar aşkar olunaraq götürülüb. Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. İfşa edilən hər iki şəbəkənin başçısı Aqil Məmmədzadə, Ülvi Məmmədov və digərləri barəsində həbs-qətimkan tədbiri seçilib. Dəstənin xarici ölkələrdə gizlənən üzvlərinin məsuliyyətə cəlb olunmaları üçün tərəfdaş dövlətlərin hüquq-mühafizə orqanları ilə birgə əməliyyat tədbirləri davam etdirilir. 

Bir neçə gün əvvəlsə DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən bu istiqamətdə daha bir neçə əməliyyat-texniki tədbir hazırlanaraq həyata keçirilib. Əməliyyatlar zamanı 42 yaşlı Həsən Səbili, 33 yaşlı Orxan İbrahimli və əlbir olduğu 28 yaşlı Taleh Ağayarov, həmçinin 36 yaşlı Salman Cəfərov və tanışı 35 yaşlı Rauf Hüseynov saxlanılıblar. Adları sadalanan şəxslər ölkədən kənarda yaradılan “7isles”, "fastloto.com" və “chcplay.net” internet saytlarında təşkil edilmiş qumar oyunlarının idarəçiləri ilə cinayət əlaqəsinə keçərək əlbir olublar. Daha sonra onlar həmin saytlar üzərindən sosial şəbəkələrdə “Ambassasdor", “Kazino 555”, “VİP 888”, “Shangrila” və digər səhifələr açaraq yerli vətəndaşları mərc oyunlarına cəlb ediblər. Saxlanılan şəxslərin istifadə etdikləri ofis və mənzillərə baxış zamanı elektron sübutlar, bank kartları, çoxsaylı mobil nömrə və s. sübutlar aşkarlanıb. Araşdırmalarla dəstə üzvlərindən götürülən bank kartlarının ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlər müqabilində alınaraq qanunsuz pulköçürmə əməliyyatlarında istifadə edildiyi də müəyyən olunub. Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

İnsanlar niyə qumara aludə olur? Bu nədir, asılılıq, varlanmaq istəyi, yoxsa sadəcə, bekarçılıqdan doğan vərdiş? 

Sosioloq Mətanət Məmmədova Sherg.az-a açıqlamasında qeyd etdi ki, hüquq-mühafizə orqanlarının onlayn qumar və mərc oyunlarına qarşı mütəmadi olaraq profilaktik tədbirlər keçirməsinə baxmayaraq, sosial şəbəkələrdə hələ də bu cür qanunsuz hərəkətlərə rast gəlinir, kimlərsə insanların iradə zəifliyindən istifadə edərək onları tora salırlar: 

- Cəmiyyətin mütərəqqi inkişafına zərbə vuran, vətəndaşların sosial rifah halının pisləşməsinə, insanların müflisləşməsinə səbəb olan mərc, qumar oyunları sosial bəladır. Son illərdə mərc oyunlarının onlayn aparılması, rəqəmsallaşmanın verdiyi imkanlardan sui-istifadə edərək insanları maddi çətinliklərlə üz-üzə qoyan mütəşəkkil dəstələrin ifşası hüquq-mühafizə orqanlarının əsas hədəfləri sırasındadır. Amma nə edəsən ki, sosial şəbəkələr, sosial platformalara giriş, paylaşımlar sərbəstdir, hər kəs mənfi və ya müsbət nəsə paylaşır, xəbər yayır, oyunlar təşkil edir və insanları buna cəlb edirlər. Onlayn oyunlar insanları müflis edir. İnsanlar qurbana çevrilir. Onlayn mərc, qumar oyunları adiləşib artıq. Əhalinin 90 faizi əlindəki smartfonlardan gərəkli informasiya əldə etmək, mütaliə ilə məşğul olmaq, ictimai faydalı, özünə, ailəsinə fayda verəcək kontentlər əldə etmək əvəzinə, oyunlara qurşanırlar. Mərc oyunlarından asılılıq kiçik oyunlarla, xal qazandıran, amma qazanc olmayan oyunlardan başlayır, getdikcə isə insanlar qazanmaq da istəyir, bu həvəsə düşür və pullu onlayn mərc oyunlarının aludəçisinə çevrilirlər. Çünki vərdiş edirlər buna. Və nəyin xeyirli, nəyin ziyanlı olmasına da diqqət etmirlər artıq. Təki oyun olsun, başı qarışsın. Yaşlı insanlar da belə tora düşür, cavanlar da. Reklamlar o qədər geniş yayılıb ki, insanlar bunun normal, faydalı bir şey olduğunu zənn edirlər. Təbliğata inanırlar. Əslində isə bu, insanları cəlb etmək, “ovlamaq” üçün yaxşı düşünülmüş tələdir. Bu oyunlar sosial şəbəkələrdə rahatlıqla reklam edilir və bunun insanlara çox böyük zərəri var. Lüks həyatı, zənginliyi reklam etməklə insanlar üçün illüziya yaradılır. Təbliğatın əsas hədəfi isə işsizlər, maddi problem yaşayanlar, gənclərdir. Bu cür oyunlar təkcə fərdlərə və ailələrə yox, birbaşa cəmiyyətə zərər vurur. Nəticə etibarilə insanlar borc bataqlığına düşür, ailə münaqişələri başlayır, məişət zorakılığı baş verir, insan tüfeyli həyat tərzinə yuvarlanır. Onlayn oyunlar insanların zəif damarından istifadə edərək qısa müddətdə varlanmaq vəd edir, bununla da onları tora salırlar. Mənəvi deqradasiya belə yaranır. Bəzi tik-tokerlər var, bahalı, lüks həyatlarını reklam edirlər, onları izləyən gənc də elə bilir ki, o da belə qazana bilər. Amma bunun tələ olduğunun fərqinə varmır. Reklam edənlərsə, sadəlövh insanları vasitə olaraq görür. Cəmiyyəti bu bəladan xilas etmək üçün güclü anti-təbliğat aparılmalı, sosial şəbəkələrdə mərc, qumar oyunlarının reklamı və icrası qadağan olunmalıdır.  

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
53
sherg.az

1Источники