RU

Bir bayrağın hekayəsi: Azərbaycan üçrənglisinin ilk tikişi və unudulmaz qadınlar

9 Noyabr — Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd olunur. Bu tarix təkcə rəsmi bayram deyil, həm də xalqımızın milli kimliyinin, müstəqillik arzusunun və azadlıq iradəsinin təntənəsidir. Məhz 1918-ci ilin 9 noyabrında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə üçrəngli, ay-ulduzlu bayrağımız dövlət rəmzi kimi qəbul olundu. Göy rəng – türk mənşəyimizi, qırmızı rəng – müasirlik və inkişafı, yaşıl rəng isə – İslam mədəniyyətinə bağlılığımızı ifadə edir.

Lakin bu müqəddəs bayraq 1920-ci ildə Cümhuriyyətin süqutundan sonra uzun illər unudulmağa məhkum edildi. Sovet imperiyası onu qadağan etdi, amma xalqın yaddaşından, ruhundan silə bilmədi. Hər dövrdə, hər nəslin içində o üç rəng yenidən dirildi — gizli şəkildə toxundu, qorundu, sevildi.

Elə həmin milli ruhun oyanış anlarından biri də 1988-ci ildə baş verdi. Azərbaycan Xalq Hərəkatının başladığı o günlərdə bir ana və bir qız – Şura və Arzu Şahverdiyevalar — üçrəngli bayrağımızı yenidən dirildən, onu meydanlara gətirən ilk qadınlar oldular.

Bir gecədə 14 bayraq – Azadlıq meydanına gedən yol

“İlk bayrağı tikəndə mənim 18 yaşım var idi. Hələ də ilk bayraqdan qalan artıq parçaları və tikiş maşınını saxlayıram. Arzum budur ki, həm parçaları, həm də tikiş maşınını Tarix Muzeyinə bağışlayım. Gələcək nəsil üçün xatirə qalsın...”

Bu sözlər Azərbaycan bayrağını ilk dəfə tikən, Milli Azadlıq Hərəkatının fəallarından olan Arzu Şahverdiyevaya məxsusdur. Onun xatirələrinə görə, 1988-ci ilin noyabrın 20-dən 21-nə keçən gecə anası Şura Şahverdiyeva ilə birlikdə ilk dəfə milli bayrağımızı tikiblər.

“O vaxt Məhəmməd Hatəmi qardaşım Bəxtiyar Tuncaya pul vermişdi ki, bayraq bizim evdə tikilsin. Qardaşım Mərkəzi Univermaqdan göy, qırmızı və yaşıl ipək parçalar aldı. Biz gecə səhərədək durmadan 14 bayraq tikdik. Yaşıl parça bitdiyinə görə 15-ci bayrağı tamamlaya bilmədik. Səhəri gün bayraqları Bəxtiyar “Azadlıq” meydanına apardı və orada insanlara payladı...”,- Arzu xanım bildirib.

Həmin gecə təkcə parçalar deyil, bir millətin azadlıq arzusu tikilirdi. Rus hərbçiləri tərəfindən edilən basqınlara, həbslərə və təzyiqlərə baxmayaraq, bu qadınlar milli rəmzimizi yaşatmaqdan qorxmadılar.

 “Ruslar tez-tez evimizə gəlirdi, bizi əhatəyə alırdılar. Qardaşım 6 ay həbsdə oldu, onu ekstremist adlandırdılar. Amma biz dayanmadıq. O imperiyanın bayrağını endirib, öz bayrağımızı ucaltdıq".

Azərbaycanın ilk müstəqil bayrağının yenidən yaranma tarixində Şura Şahverdiyevanın rolu danılmazdır.

1939-cu il oktyabrın 1-də Bakıda anadan olan Şura xanım uzun illər Neft-Kimya Proseslər İnstitutunda “operator” işləyib. Oğlu Bəxtiyar Tuncay bir gün evə Ankarada nəşr edilən “Azərbaycan” jurnalını gətirir. Jurnalda Cümhuriyyət dövrünün üçrəngli bayrağının şəkli yer alır. Məhz həmin şəkil yeni azadlıq hərəkatının rəmzinə çevrilir.

Şura xanım parçaları səliqə ilə hazırlayır, qızı Arzu isə ağ aypara və səkkizguşəli ulduzu parçanın üzərinə toxuyur. Beləcə, 70 illik sovet yasağını yararaq ilk milli bayraq yenidən tikilir.

Şura Şahverdiyeva 2012-ci ilin fevralında dünyasını dəyişsə də, onun əməyi və ruhu qızı Arzunun əllərində yaşayır.

Arzu Şahverdiyeva bu gün də o ənənəni qoruyur:

“Bu, mənim üçün böyük şərəfdir. Evdə lazım olanda, xüsusən bayram günlərində bayraq tikirəm. Bu həm xatirə, həm də məsuliyyətdir.”

Azərbaycanın üçrəngli bayrağı təkcə dövlət rəmzi deyil — o, azadlığın, dirənişin və milli kimliyin simvoludur.

1920-ci illərdə, 1950-ci illərdə Qız Qalasında Hilaloğlu və Abdullayev kimi fədakar insanlar bu bayrağı qoruyurdu. 1980-ci illərdə isə Arzu və Şura Şahverdiyevalar onu yenidən diriltdilər, meydanlara gətirdilər.

Bu gün həmin qadınların əlləri ilə tikilən bayrağın parçaları və tikiş maşını hələ də qorunur. Arzu xanım onları Tarix Muzeyinə bağışlamağı planlaşdırır ki, Azərbaycanın azadlıq salnaməsində o gecənin izi silinməsin.

Bu bayraq təkcə bir parça deyil.

O, millətin ruhu, qadınların cəsarəti və xalqın azadlıq səsi idi.

Şahanə Rəhimli
Musavat.com

Избранный
73
musavat.com

1Источники