RU

“Bir çox idmançı Qarabağ dan güc alır” Avropa Oyunlarının qalibi

Qol.az saytına istinadən ain.az xəbər verir.

Medianın İnkişafı Agentliyinin layihəsi

"Qarabağ"ın avrokuboklarda, beynəlxalq meydanlarda qazandığı nəticələr, tarixi uğurlar nəinki azarkeşlərin, hətta peşəkar idmançıların da heyranlığına səbəb olur. 

Təsadüfi deyil ki, Avropa Gənclər Paralimpiya Oyunlarının qızıl medalçısı, 19 yaşlı paralimpiyaçımız Amin Əliyev də "Qarabağ" azarkeşidir. Ağdam təmsilçisinin futbolçusu Kadi Borgesə pərəstişkarlıq edən parataekvondoçumuz hətta özünə "Kadi" ləqəbini götürüb.

Kadi Borges isə Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Çelsi" ilə qələbəyə bərabər heç-heçədən 5 gün öncə - oktyabrın 30-da Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Taekvondo Federasiyasının məşq zalında parataekvonoçularımızı ziyarət edib. O, Amin Əliyevlə görüşərək gənc idmançıya öz imzalı formasını bağışlayıb. 

Bugünkü həmsöhbətimiz də məhz Amin Əliyevdir. 

- Amin, ötən həftə "Qarabağ"ın futbolçusu Kadi Borgeslə görüşdünüz. Hansı hissləri keçirdiniz?

- Bəli. Bu, mənim üçün həm həyəcanlı, həm də unudulmaz görüş idi. Hisslərimi sözlə ifadə edə bilmərəm. Heç vaxt ağlıma belə gəlməzdi ki, ən sevdiyim oyunçu ilə görüşümüz baş tutacaq. Bu hissi mənə yaşatdığı üçün Kadiyə təşəkkürümü bildirirəm. 

- Ümumiyyətlə, futbola olan sevginiz necə yaranıb? "Qarabağ"ın oyunlarını nə vaxtdan izləyirsiniz? 

- Futbola marağım uşaqlıqdan başlayıb. Hər zaman topa toxunmaq, oyunları izləmək məni çox sevindirirdi. Amma həmişə xüsusi bir komandaya - "Qarabağ"a dəstək vermişəm. Onların oyunlarını izləmək mənim üçün yalnız əyləncə deyil, həm də motivasiya olub. "Qarabağ" idmana olan sevgimi daha da artırıb. 

- "Qarabağ" artıq ölkə sərhədlərini aşaraq dünyəvi komanda olub. Bu mövsüm "Benfika" və "Kopenhagen" üzərində qələbələr qazandıq, 4 gün öncə isə "Çelsi" ilə heç-heçə etdik. Komandanın Avropa arenalarındakı uğuru barədə nə deyə bilərsiniz? 

- Bəli. "Qarabağ" get-gedə daha da inamlı çıxış edir. Bu nəticələr mənə çox yaxşı motivasiya verir. Məncə, nəinki özüm, bir çox idmançı "Qarabağ"dan güc alır.  Ümid edirəm ki, pley-off mərhələsinə vəsiqə qazanacağıq. İnanıram ki, daha da irəliləyəcəyik. 

- Öz karyeranızdan danışaq. Teakvondo ilə məşğul olmağa necə başladınız? 

- Taekvondoya başlama səbəbim belə açıqlaya bilərəm ki, həkim dəstəyi alırdım. Və həkimim taekvondo ilə məşğul olmağımı məsləhət gördü. Onun məsləhəti ilə taekvondoya başladım. Vaxt keçdikcə bu idman növünü sevdim. Taekvondo mənə həm fiziki, həm də mənəvi baxımdan güc qazandırdı.

- Bu yolda kumiriniz kimdir? 

- Taekvondoda kumirim elə məşq yoldaşım İmaməddin Xəlilovdur. Bildiyiniz kimi, İmaməddin Xəlilov Paris-2024 Yay Paralimpiya Oyunlarının çempionudur. Onun idmana yanaşması, intizamiz və əzmkarlığı mənim üçün həmişə böyuk motivasiya mənbəyi olub. 

- Bəs, ən böyük dətəkçiniz kim olub? 

- Mənə ən böyük dəstəyi ailəm, məşqçilərim və dostlarım veriblər. Sağ olsunlar, heç vaxt məni tək buraxmayıblar. Daim onlardan dəstək almışam. 

- Bir parataekvondoçu kimi qarşıdakı hədəfiniz, məqsədiniz nədir?

- Əlbəttə ki, hər bir idmançı dünya və Paralimpiya çempionu olmaq istəyər. Mənim də qarşıdakı hədəfim dünya çempionatının və Paralimpiya Oyunlarının qızıl medalını qazanmaqdır. 

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
20
1
qol.az

2Источники