RU

Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı: Qlobal güc mərkəzi - TƏHLİL

Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşan strateji ittifaq son illər həm regional təhlükəsizlik arxitekturasının yenidən qurulması, həm diplomatik əlaqələrin dərinləşməsi, həm də hərbi-siyasi həmrəyliyin möhkəmlənməsində mühüm rol oynayır. Bu üç ölkəni birləşdirən münasibətlər tarixi, mədəni və ideoloji bağlardan qaynaqlandığı kimi, eyni zamanda müasir dövrün geosiyasi çağırışlarına uyğun olaraq daha sistemli əməkdaşlıq səviyyəsinə yüksəlib.

Dünən Bakıda keçirilən möhtəşəm paradda Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin birgə iştirakı bu qardaşlığın ən yüksək siyasi rəmzlərindən biridir. Liderlərin Bakıda eyni tribunadan çıxış etməsi həm Qarabağ Zəfərinin beşinci ildönümünün, həm də üçtərəfli güc mərkəzinin sarsılmaz həmrəyliyinin növbəti təsdiqidir.

Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı: Yeni geosiyasi reallığın strateji sütunu

Azərbaycan-Türkiyə-Pakistan dostluğu və qardaşlığının mühüm mərhələlərindən biri kimi tarixə düşən hadisə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərifin Laçında baş tutmuş görüşüdür. Laçın görüşü ilk dəfə olaraq üç liderin azad edilmiş ərazilərdə bir araya gəlməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Söhbət təkcə diplomatik jestdən getmirdi - bu, regionda formalaşan yeni güc balansının aydın ifadəsi idi. Sərhədlərin toxunulmazlığı, sülh gündəminə sadiqlik, terrorizmə və separatizmə qarşı birgə mübarizə, habelə iqtisadi, nəqliyyat və enerji layihələrinin daha da genişləndirilməsi həmin görüşün ana xəttini təşkil edirdi. Liderlər Laçın görüşdə, həmçinin, azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq proseslərinin üçtərəfli əməkdaşlıq formatında dəstəklənəcəyini bəyan etmişdilər.

Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı

Noyabrın 8-də Bakıda keçirilən hərbi paradda hər üç lider Azərbaycan-Türkiyə-Pakistan həmrəyliyini bir daha vurğuladı. Prezident İlham Əliyev Azərbaycan-Türkiyə-Pakistan birliyinin regionda yeni təhlükəsizlik reallıqlarını formalaşdırdığını xüsusi qeyd etdi, bu münasibətlərin, sadəcə, siyasi əməkdaşlıq deyil, həm də xalqlarımızın, ordularımızın birliyinin təzahürü olduğunu diqqətə çatdırdı.

“Beş il bundan əvvəl Zəfər paradında da əziz qardaşım Rəcəb Tayyib Ərdoğan bizimlə bərabər idi. Bu gün isə bizimlə bərabər digər əziz qardaşım iştirak edir. Qardaş Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif bizim qonağımızdır. Pakistan dövləti və xalqı 44 günlük Vətən müharibəsi zamanı Azərbaycana dəstək və həmrəylik göstərmişdir. Bu gün ilk dəfə olaraq Azadlıq meydanında Pakistan hərbçiləri də bizimlə bərabər iştirak edirlər. Bu, üç ölkənin - Azərbaycan, Türkiyə, Pakistan xalqlarının, ordularının birliyinin təzahürüdür”, - deyə Prezident İlham Əliyev vurğuladı.

Türk dünyasının birliyi və strateji həmrəyliyi

Rəcəb Tayyib Ərdoğan paradda çıxışında Azərbaycanın Zəfər tarixini “bütün türk dünyasının qüruru” kimi qiymətləndirdi.

Ərdoğanın “Biz bir millət, iki dövlət” mesajı təkcə siyasi bəyanat deyil, son beş ildə hərbi, diplomatik və iqtisadi sahələrdə həyata keçirilən real inteqrasiyanın ideoloji manifestidir: “Qarabağın azadlığa qovuşması təkcə Azərbaycan üçün deyil, Türk dünyası üçün də böyük bir qürur mənbəyidir. Azərbaycan Ordusunun Qarabağ torpağında atdığı hər addım, istiqlal və şərəf uğrunda tökülən hər damla qan Türk dünyasının tarixində şərəf nişanəsi olaraq ortaq tariximizə qızıl hərflərlə yazılmışdır. Bu gün burada Azərbaycan əsgəri Türkiyədən gələn əsgər qardaşları ilə çiyin-çiyinə, yan-yanadırlar. Əsgərlərimizə baxdıqca “Bir millət, iki dövlət” şüarının nə demək olduğunu hamımız görə bilirik. Şəhidlərimizin bir-birinə qarışan qanlarının üzərində yüksələn Azadlıq Bayrağı Qarabağın dörd bir yanında şanla, şərəflə, qürurla dalğalanır”.

Pakistan Baş nazirindən ədalət və həmrəylik mesajları

Pakistan Baş naziri Şahbaz Şərifin çıxışı da mühüm mesajlarla diqqət çəkdi. O, Qarabağ Zəfərini “ədalətin bərpası” kimi qiymətləndirərək Azərbaycan xalqına dərin hörmət və dəstəyini ifadə etdi.

“Pakistan, Azərbaycan və Türkiyə - ürəkləri bir döyünən üç qardaş bu gün burada çiyin-çiyinə dayanaraq, belə möhtəşəm tədbiri birlikdə, hamılıqla qeyd edirlər” deyən Şahbaz Şərif “Bütün dünya təəccüblə onun şahidi oldu ki, Azərbaycanın cəsur Silahlı Qüvvələri öz ata-baba yurdlarının tacı olan Qarabağı azad etdi. Torpaqların azadlığı uğrunda bütün mübarizə dövründə Pakistan qardaş Azərbaycanın yanında bir qaya kimi dayandı. Bundan sonra da belə olacaq.

Azərbaycanın Qarabağdakı Qələbəsi suverenlik və öz müqəddəratı uğrunda vuruşan bütün xalqlar üçün, o cümlədən Qəzzanın cəsur və güclü xalqı və Hindistanın qeyri-qanuni işğal etdiyi Cəmmu və Kəşmir xalqı üçün ədalətin möhtəşəm təntənəsi, ümid yeri oldu”, - sözləri ilə Qarabağda qazanılan Zəfərin təkcə Azərbaycan üçün deyil, haqsızlıq və ədalətsizliklə üzləşmiş digər ölkələr üçün də nə qədər önəmli olduğunu diqqətə çatdırmış oldu.

Azərbaycan-Türkiyə-Pakistan birliyi: Sülh, əməkdaşlıq, güc

Bu çıxışlara yanaşı, paradda liderlərin yan-yana dayanması, hərbi kontingentlərin birgə addımlaması, bayraqların dalğalanması və üç ölkənin simvollarının eyni platformada təqdim olunması təkcə rəmzi məna daşımır. Bu, həm də regiona ünvanlanan aydın mesajdır: Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq ideoloji çərçivə ilə məhdudlaşmır, real hərbi-siyasi güc və strateji əməkdaşlıq müstəvisinə keçib. Bu birlik həm regional təhlükəsizliyə, həm beynəlxalq diplomatik balanslara, həm də gələcək iqtisadi inteqrasiyaya birbaşa təsir gücünə malikdir.

Beləliklə, bu parad üç ölkə arasında dostluğun, sadəcə, tarixə söykənən bağlılıq olmadığını, artıq qlobal miqyasda nəzərə alınmalı olan strateji gücə çevrildiyini nümayiş etdirir. Laçın görüşündən Bakıda keçirilən böyük paradadək uzanan bu siyasi xətt yeni dövrün geosiyasi reallıqlarını formalaşdıran əsas sütunlardan biri kimi qəbul olunur. Azərbaycan-Türkiyə-Pakistan qardaşlığı bundan sonra da regional əməkdaşlıq, güc balansı və sülh konsepsiyası baxımından Cənubi Qafqazda və daha geniş coğrafiyada mühüm rol oynamaqda davam edəcək.

Избранный
62
1
apa.az

2Источники