RU

5 ilin Zəfər sədası: “Azadlıq” Meydanından dünyaya mesaj

Tarixi Zəfərimizin beşinci ildönümü münasibətilə paytaxt Bakının “Azadlıq” meydanında keçirilən möhtəşəm və təntənəli Hərbi parad Azərbaycan dövlətinin sarsılmaz qələbə iradəsinin, sürətlə modernləşən ordumuzun artan qüdrətinin və 44 günlük mübarizədə “dəmir yumruq” kimi monolitləşən xalqımızın vəhdətinin parlaq rəmzinə çevrildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və ali diqqəti ilə reallaşan bu yubiley paradı Vətən müharibəsində qanla yazılmış misilsiz qəhrəmanlıq salnaməsinin məntiqi davamı kimi Azərbaycan dövlətçiliyinin nəinki hərbi, həm də siyasi və mənəvi gücünü, beynəlxalq hüquq və ədalət prinsiplərinə sadiqliyini bütün dünyaya bir daha bəyan etdi.

Beş il öncə, 2020-ci il dekabrın 10-da eyni məkanda keçirilən ilk Zəfər Paradı 44 günlük müharibənin qələbə ilə başa çatmasının, Azərbaycan xalqının sarsılmaz iradəsinin, ordunun döyüş meydanındakı gücünün və bərpaolunan milli qürurun bütün dünyaya açıq bəyanı idi. Həmin paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika və ən əsası, Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun cəsur əsgərlərinin düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi nümayiş etdirilmişdi ki, bu da məğlub tərəfin acı reallığını və Azərbaycan əsgərinin şücaətini əks etdirirdi. Ötən gün isə Zəfərimizin beşinci ildönümü münasibətilə keçirilən hərbi paradda 5 mindən çox şəxsi heyətin təntənəli keçidi, onların böyük hissəsinin Vətən müharibəsinin qəhrəmanları, Şuşa fatehləri olan Xüsusi Təyinatlı Qüvvələrdən (XTQ) ibarət olması, eləcə də müasir müharibənin gedişatını dəyişən, Azərbaycanın hərbi doktrinasının onurğa sütununa çevrilən insansız sistem qoşunlarının, o cümlədən kəşfiyyat və zərbə PUA-larının ilk dəfə xüsusi qüvvə növü kimi nümayişi olduqca mühüm məqamlar idi. Bu, son beş il ərzində ordumuzda aparılan köklü islahatların, döyüş hazırlığının və komanda-nəzarət strukturunun keyfiyyətcə necə dəyişdiyinin, silahlı qüvvələrimizin həm say, həm də texnoloji baxımdan genişləndiyinin və müasirləşdiyinin bariz göstəricisi oldu.

Bu möhtəşəm Hərbi paradda Azərbaycan hərbçiləri ilə çiyin-çiyinə qardaş Türkiyə Respublikası Silahlı Qüvvələrinin 240 nəfər və dost Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin 120 nəfərlik şəxsi heyəti də qürurla yer aldı. İki qardaş və dost ölkənin hərbçilərinin “Azadlıq” meydanından keçidi dərin rəmzi mənası olan tarixi bir hadisədir. Bu, hələ 44 günlük müharibənin ilk günlərindən göstərilmiş qeyd-şərtsiz dəstəyin – Türkiyənin “Bir millət, iki dövlət” fəlsəfəsinə söykənən qətiyyətli siyasi və mənəvi mövqeyi, Şuşa Bəyannaməsi ilə təsdiqlənən müttəfiqliyi və Pakistanın Azərbaycanın ərazi bütövlüyünə hər zaman verdiyi birmənalı həmrəylik nümayişinin məntiqi nəticəsidir. Məhz Vətən müharibəsindən sonra daha da dərinləşən və aktiv fazaya qədəm qoyan Azərbaycan–Türkiyə–Pakistan qardaşlığı və strateji tərəfdaşlığı hərbi-müdafiə sənayesindən tutmuş iqtisadiyyat və enerji layihələrinə qədər bütün sahələrdə özünü qabarıq şəkildə göstərir. Hər üç ölkənin liderləri istər ikitərəfli, istərsə də çoxtərəfli formatlarda birgə qatıldıqları bütün tədbirlərdə mütləq yüksəksəviyyəli görüşlər keçirirlər. Bu isə Bakı, Ankara və İslamabad arasında sarsılmaz, strateji əhəmiyyətli əlaqələrin ana xəttini, Avrasiyada yeni bir güc mərkəzinin konturlarını təşkil edir. Məhz buna görə də paradda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Ali Baş Komandanla birgə iştirakını bu möhtəşəm üçlüyün regional sülhün və təhlükəsizliyin qarantı kimi çıxış edən hərbi-siyasi ittifaq statusunun növbəti açıq və qəti təsdiqi kimi qiymətləndirmək olar.

Bu üçtərəfli strateji tərəfdaşlıq platforması Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqların mərkəzində dayanır. Vətən müharibəsindən sonra Azərbaycan təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, həm də regionun gələcək inkişaf vektorunu müəyyənləşdirdi. Parad həm də bütün dünyaya, xüsusən də revanşist xülyalarla yaşayan qüvvələrə açıq mesaj idi ki, Azərbaycanın ərazi bütövlüyü bir daha heç vaxt müzakirə mövzusu olmayacaq və bu ərazilərdə qurulan sülhün və təhlükəsizliyin çox güclü qarantları var. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi bu təhlükəsizlik memarlığının zirvəsini təşkil edirsə, Pakistanla dərinləşən müdafiə sənayesi əməkdaşlığı bu arxitekturanın dayaqlarını daha da möhkəmləndirir. “Azadlıq” meydanından keçən bu beynəlxalq birlik həm də tarixi İpək Yolunun mərkəzi arteriyaları olan Zəngəzur və Orta Dəhliz kimi qlobal əhəmiyyətli layihələrin hərbi-siyasi təhlükəsizliyinin də etibarlı əllərdə olduğunu nümayiş etdirdi.

Paradın diqqətçəkən ən mühüm aspektlərindən biri də Azərbaycan Ordusunun texnoloji transformasiyasının dərinliyini göstərməsi oldu. Xüsusi Təyinatlı Qüvvələrin sayının artması ilə yanaşı, tamamilə yeni bir qoşun növü olan İnsansız Sistemlər Qoşunlarının təqdimatı Azərbaycanın hərbi doktrinasının XXI əsrin tələblərinə tam uyğunlaşdığını sübut etdi. Bu onu göstərir ki, Azərbaycan Ordusu Vətən müharibəsindən dərhal sonra əldə edilən təcrübəni analiz edərək, daha çevik, daha texnoloji gücə çevrilmək üçün köklü islahatları davam etdirib. Bu, həm də o deməkdir ki, döyüş hazırlığı bir an olsun belə zəifləməyib, əksinə, yeni çağırışlara cavab vermək üçün ən yüksək səviyyəyə qaldırılıb.

Nəticə etibarilə, Zəfərin beşinci ildönümünə həsr olunmuş bu möhtəşəm Hərbi parad Azərbaycanın yeni dövrdəki yerini və statusunu təsdiqləyən siyasi-strateji bəyanat rolunu oynadı. Bu parad Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həm döyüş meydanında, həm də diplomatiya cəbhəsində qazandığı Zəfərin dönməzliyini, bu Qələbənin müəllifi olan Xalq–Ordu–Lider birliyinin sarsılmazlığını və dövlətin öz suveren hüquqlarını qorumaq üçün hər an hər şeyə hazır olduğunu bütün dünyaya bəyan etdi. “Azadlıq” meydanındakı addım səsləri Qarabağ və Şərqi Zəngəzurda aparılan nəhəng quruculuq işlərinin, “Böyük Qayıdış” proqramının etibarlı təminatının olduğunu göstərdi. Azərbaycan bu paradla Cənubi Qafqazda yeni sülh və inkişaf erasının başlandığını elan etdi və bu eranın təhlükəsizliyinin keşikçisinin məhz onun müzəffər ordusu olduğunu bir daha təsdiqlədi. Yəni “dəmir yumruq” öz yerindədir və Vətənin hər qarış torpağını qorumağa daim hazırdır.

Tacir SADIQOV

XQ

 

 

 

Избранный
60
xalqqazeti.az

1Источники