Tesla-nın rəhbəri gələcəkdə maliyyə sisteminin enerji əsasında formalaşa biləcəyini bildirib...
Poliqon xəbər verir ki, “Tesla” şirkətinin təsisçisi və baş direktoru İlon Mask yaxın gələcəkdə pul anlayışının tamamilə yox ola biləcəyini istisna etməyib. O, bu barədə bir neçə gün əvvəl keçirilən səhmdarların yığıncağında danışıb.
Milyarder bildirib ki, gələcəyin iqtisadi modelində dəyərlər və sərvətlər enerji ilə ölçülə bilər: “Bəlkə də gələcəkdə ümumiyyətlə pul olmayacaq. Amma hər şey enerji vahidləri ilə ölçüləcək. Məsələn, kim nə qədər elektrik enerjisi hasil edə bilər — bax, bu, əsas göstəriciyə çevriləcək”.
Maskın sözlərinə görə, belə sistemdə iqtisadi fəaliyyətin və sərvətlərin real ekvivalentini enerji potensialı müəyyən edəcək. Bu isə həm istehsal, həm də texnologiya sahəsində tam yeni prinsiplərin yaranmasına səbəb ola bilər.
Ekspertlər bu fikri gələcəkdə kriptovalyutaların və süni intellektin idarə etdiyi “enerji iqtisadiyyatı” konsepsiyası ilə əlaqələndirirlər. Onların qənaətincə, “Tesla” və “SpaceX” kimi şirkətlər artıq bu istiqamətdə ilkin infrastruktur qurmağa başlayıblar.
Poliqon.info