Azərbaycan Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli 1936-cı ildə SSRİ Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi rəsmi qərarı ictimaiyyətə təqdim edib.
Musavat.com xəbər verir ki, sənəd şəhər adlarının transkripsiyası ilə bağlı təsdiqlənmiş siyahıdır və burada İrəvan şəhərinin adının “Erevan/Yerevan” kimi rəsmiləşdirilməsi açıq şəkildə göstərilir.
Sənəddə bir məqam xüsusi diqqət çəkir:
Tiflis (Грузинская ССР bölməsi, № 15) adının yeni forma kimi “Тбилиси” yazılması təklif olunsa da, mötərizədə “Тифлис” – yəni Tiflis adının saxlanması da məqbul sayılır. Yəni SSRİ belə Tiflis adının tam ləğvini tələb etməmiş və onun tarixi işlənişini tanımışdır.
Amma İrəvan məsələsində bu qayda tətbiq olunmayıb – sənəddə adın tam şəkildə Yerevan formasına keçirilməsi təsdiqlənir. Bu isə ermənilərin mədəni-toponimik yaddaş siyasətinin Sovet dövründə necə sistemli şəkildə dəstəkləndiyini göstərir.
Deputat bildirib ki, bu sənəd artıq uzun illərdir tarixçilərin əlində olsa da, bu faktın yenidən xatırladılması təsadüfi deyil:
“Bu sənəd sübut edir ki, Türkün tarixi şəhərlərinin adları masa arxasında dəyişdirilib. Bu torpaqların mahiyyəti dəyişməyib. Biz reallığı, tarixi və yaddaşımızı bərpa edirik”.
Dilçilər qeyd edirlər ki, sonrakı dövrlərdə sovet normativləri və xəritə standartlaşdırma sistemi nəticəsində “Tbilisi” adının məcburi tətbiqi geniş yayıldı. Lakin tarixi və dil baxımından düzgün forma Tiflis olaraq qalır.
Bu gün, Azərbaycan tarixiliyə söykənən toponimlərin bərpası mərhələsinə qədəm qoyub. Bu, sadəcə ad mübahisəsi deyil – kimlik və yaddaş məsələsidir.
Sənəd bir daha göstərir ki, İrəvan – Azərbaycan türklərinin tarixi şəhəri idi və adı 1936-cı ildə süni şəkildə dəyişdirilib. Tiflis isə tarixi ad kimi dövlət səviyyəsində saxlanıla bilərdi, lakin sonradan ideoloji təzyiq altında dəyişdirildi.
Tarix silinmir – gizlədilən nə varsa, yenidən üzə çıxır.
Bu torpaqların yaddaşı, adları və kimliyi yaşayır.
Və gün gələcək – hər şey öz adına qayıdacaq.
![]()
Musavat.com