RU

ABŞ-da bir gündə 2 mindən çox uçuş ləğv edilib

Bakı, 10 noyabr, AZƏRTAC

ABŞ-da federal hökumətin qismən bağlanması nəticəsində hava hərəkəti dispetçerlərinin çatışmazlığı yaranıb və bu səbəbdən bir gündə 2 mindən çox uçuş ləğv edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “FlightAware” portalı məlumat yayıb.

Məlumata görə, noyabrın 9-da 2183 reys təxirə salınıb, 7000-dən çox uçuş isə gecikmə ilə həyata keçirilib. Noyabrın 8-də isə aviaşirkətlər 1500-dən artıq reysi ləğv etmək məcburiyyətində qalıblar.

Hökumətin qismən fəaliyyətini dayandırması ilə əlaqədar ABŞ administrasiyası bir sıra iri hava limanlarında uçuşlara məhdudiyyətlər tətbiq edib.

Oktyabrın sonunda Nəqliyyat Katibi və Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) Administratoru vəzifəsini icra edən Şon Daffi bildirmişdi ki, aviadispetçer çatışmazlığı səbəbindən uçuş gecikmələrinin zəncirvarı şəkildə artacağı gözlənilir. Onun sözlərinə görə, bir çox dispetçerlər Federal Aviasiya Administrasiyasında ödənişsiz işləmək əvəzinə, iş axtarmağa məcbur qalır.

Xatırladaq ki, oktyabrın 1-də ABŞ federal hökumətinin maliyyə çatışmazlığı səbəbindən qismən bağlanması başlayıb. Bu, Konqresdə Respublikaçılar və Demokratlar arasında, xüsusən səhiyyə xərcləri də daxil olmaqla, bir sıra büdcə maddələri üzrə razılığın əldə olunmaması ilə bağlıdır. Tərəflər bir-birini bağlanmanı siyasi məqsədlərlə uzatmaqda ittiham edirlər.

Избранный
38
azertag.az

1Источники