RU

AXC-Müsavat hakimiyyətinin cinayətləri: vurulan yaralar, xəyanətlər…

Zəfərin və sabitliyin bünövrəsindəki 30 il

Azərbaycan bu gün öz gücünə, qüdrətinə və nüfuzuna görə dünyanın sayılıb-seçilən dövlətlərindən biridir. Ölkəmiz artıq regional inkişafın strateji xəritəsini təkcə özü üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün müəyyənləşdirir. Bu, sadəcə iqtisadi və siyasi müstəvidə irəliləyiş deyil, həm də tarixi məsuliyyətin dərkidir – Azərbaycan regionun gələcəyini formalaşdıran əsas güc mərkəzinə çevrilib.
 

Əgər bu gün Azərbaycan beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş, enerji təhlükəsizliyinin təminatçısı, sabitliyin və inkişafin aparıcı dayağı kimi tanınırsa, bunun arxasında 30 illik ardıcıl, strateji və qətiyyətli siyasət dayanır. 1990-cı illərin əvvəlində dağılmaqda olan dövlətin təməllərini qorumaq, onu yenidən qurmaq, inkişaf yoluna çıxarmaq və nəhayət, bütövlüyə qovuşdurmaq asan deyildi.


Bu 30 illik yol siyasi uzaqgörənliyin, xalq iradəsinin, dövlətçilik düşüncəsinin təntənəsidir. Azərbaycan artıq özünün post-müharibə mərhələsindədir, amma bu mərhələyə gəlişin arxasında nə qədər ağır itkilər, gərgin illər, çətin qərarlar dayandığını unutmamalıyıq.

Tarixin sərt imtahanı: itkilərdən nəticəyə doğru…

Bu günün rakursundan baxanda, Azərbaycanın əldə etdikləri bəziləri üçün sadəcə “təbii prosesin” nəticəsi kimi görünə bilər. Lakin ölkəmizin son 35 illik tarixi göstərir ki, bu nəticələr heç də asan əldə edilməyib. 1990–1993-cü ilin birinci yarısı aralığı Azərbaycan üçün faciəli bir dövr idi. Dövlətin dayaqları sarsılmış, ordusu nizamsız, iqtisadiyyatı iflic vəziyyətdə idi.

O dövrdə baş verənlər bizi az qala 30 il geriyə atdı. Dövlətçiliyin məhv olmaq təhlükəsi, siyasi xaos, bölgələrdə qarşıdurmalar, rəhbərsizlik – bütün bunlar yalnız həmin zaman üçün yaralar və ya probllemlər yaratmadı – həmin dövrdə baş verənlər özündən sonra illərlə aradan qaldırılması çətin olacaq problemlər miras qoyud. Bu, gələcək onilliklərin də taleyini müəyyən edən faciəli səhvlər idi.

Azərbaycanın diplomatik müstəvidə səriştəsizliyi, hərbi məğlubiyyətlər, torpaq itkiləri - bütün bunların arxasında idarəçilik böhranı dayanırdı. Xalq bir tərəfdən işğalın ağrısını yaşayır, digər tərəfdən öz içindən çıxan siyasi qüvvələrin məsuliyyətsizliyini seyr edirdi. Ancaq bütün bu dağıntılardan sonra bir yol qaldı: xilas yolu, dövlətin xilası üçün xalqın yenidən birləşməsi. Məhz o zaman xalqın çağırışı ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı yeni dövrün başlanğıcını qoydu.

Xəyanətin izi: AXC-Müsavat dövrünün faciəli səhifələri, cinayətləri

Bəli, 1990-cı illərin əvvəlində, cəmisi 1–2 il ərzində baş verənlər Azərbaycan tarixində ən acı səhifələrdən biridir. 1990–1993-cü illərin birinci yarısında ölkə faktiki olaraq idarəolunmaz hala gəlmişdi. AXC–Müsavat cütlüyünün şəxsi maraqları, hakimiyyət hərisliyi dövlət maraqlarını kölgədə qoymuşdu. Hərb meydanında baş verən məğlubiyyətlər, Şuşa, Laçın, Kəlbəcərin itirilməsi sadəcə hərbi səhv deyildi – bu, dövlətə, xalqa, tarixə qarşı xəyanət idi.
 

Ölkə daxilindəki qarşıdurmalar, ordunun tərkibində parçalanma, rəhbərliyin səriştəsizliyi və məsuliyyətsiz qərarları nəticəsində Azərbaycan torpaqlarının mühüm bir hissəsini itirdi. O dövrdə hakimiyyət uğrunda mübarizə aparanlar, əslində, dövlətin təməlini dağıdırdılar.


AXC - Müsavat hakimiyyəti dövründə xalqın inamı sarsıldı, ordu ruhdan düşdü, iqtisadiyyat çökdü. Dövlət aparatında anarxiya hökm sürürdü. Onlar milli ideyanı siyasi alver predmetinə çevirdilər. Xalq o illərin ağrısını bu gün də xatırlayır. Həmin xəyanətin nəticəsində minlərlə şəhid verdik, yüz minlərlə insan doğma yurdundan didərgin düşdü. Amma bu faciələr eyni zamanda Azərbaycanın gələcək dirçəlişinin əsas motivinə çevrildi: xalq bir daha belə xəyanəti qəbul etməyəcəyinə and içdi.

Heydər Əliyev yolu: bu günə inam, gələcəyə ümid…

1993-cü ilin iyununda xalqın təkidi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın xilası oldu. Ulu Öndərin müəyyənləşdirdiyi strateji siyasi kurs qısa zamanda dövlətçiliyin bərpasını, sabitliyin təminini və inkişafın başlanmasını mümkün etdi.

Bu kursun əsas dayaqları — güclü dövlət, sabit iqtisadiyyat, peşəkar ordu və milli həmrəylik idi. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ilə Azərbaycan iqtisadi müstəqilliyini bərpa etdi, enerji strategiyasını qurdu, beynəlxalq əməkdaşlıq sisteminə inteqrasiya olundu.

Heydər Əliyev dövlətçilik məktəbinin əsas prinsipi sabitlik üzərində qurulmuşdu. Bu sabitlik sonradan Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişafa, modernləşməyə və qələbəyə çevrildi.

Prezident İlham Əliyev bu siyasəti yeni dövrün tələblərinə uyğunlaşdırdı. Ordunun yenilənməsi, texnoloji və hərbi modernizasiya, siyasi sistemin çevikləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi nəticəsində Azərbaycan 2020-ci ildə tarixi Qələbə qazandı. Qarabağ azaddır, Azərbaycan bütöv və suverendir. Bu, 30 illik ardıcıl siyasətin, uzaqgörən liderliyin və xalqın birliyinin nəticəsidir.

Qüdrətin nümayişi: Gücün və sabitliyin yeni mərhələsi

2025-ci ilin 8 noyabrında Bakıda keçirilən Vətən müharibəsində Qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi parad Azərbaycan dövlətçiliyinin qüdrət rəmzinə çevrildi. Bu parad təkcə hərbi gücün nümayişi deyildi – bu, 30 illik mübarizənin yekunu, dövlətin öz sabitliyinə və gələcəyinə inamının təntənəsi idi. Prezident İlham Əliyev bu gün elə bir siyasi mühit formalaşdırıb ki, Azərbaycan regionda əsas sabitləşdirici amildir. Cənubi Qafqazın gələcəyi artıq Azərbaycanla bağlıdır. Ölkəmiz enerji, nəqliyyat və təhlükəsizlik sistemlərinin mərkəzinə çevrilib.
 

Dost və qardaş ölkələr bu gün Azərbaycanın yanında dayanır. Türkiyə ilə qardaşlıq daha da dərinləşib, Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq strateji səviyyəyə qalxıb, Avropa ilə tərəfdaşlıq qarşılıqlı faydaya əsaslanır.


Bütün bu uğurlar fonunda, təəssüf ki, hələ də keçmişin səhvlərini etiraf etməyənlər, o dövrün xəyanətini unudanlar var. Onlar bu gün də ölkənin nüfuzuna kölgə salmaq, Azərbaycanı beynəlxalq miqyasda gözdən salmaq üçün cəhd göstərirlər. Amma hər şey boşunadır – Azərbaycan artıq başqa səviyyədədir. Dövlətin dayaqları möhkəmdir, xalqın liderinə inamı böyükdür.

Zamanın hökmü: Qələbə, inkişaf və əmin gələcək

Son 30 ilin salnaməsi göstərdi ki, Azərbaycan xalqı dövlətinə sahib çıxanda onu heç kim sarsıda bilməz. Biz məğlubiyyətlərdən güc, xəyanətlərdən dərs, sınaqlardan təcrübə aldıq.

Bu gün Azərbaycan regionun sabitlik dayağı, iqtisadi lokomotivi, beynəlxalq əməkdaşlığın etibarlı tərəfdaşıdır. Qələbə ruhu, sabitlik və inkişaf bir-birini tamamlayan dəyərlərdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qarşıdakı onilliklərdə də yeni zirvələrə yüksələcək, müasir çağırışlara cavab verəcək və milli maraqlarını daim müdafiə edəcək.

Ən əsası – Azərbaycan xalqı artıq bilir ki, onun gələcəyi öz əllərindədir. Biz AXC-Müsavat siyasətbazlarının günahı və cinayəti ucbatından 30 ili itirdik – bu gün isə yenidən doğulan, suveren dövlətçiliyin tarixini yaradırıq. (Mənbə: Yeniazerbaycan.com)

Избранный
6
3
paralel.az

4Источники