RU

Azərbaycan futbolunun “El Klasiko”sundan - Reportaj

style='margin-bottom:10px;'>

Bəli, “Qarabağ”la “Neftçi” arasındakı son illərdəki oyunları belə də adlandırmaq olar: futbolumuzun “El Klasiko”su. Və bu oyunu oyun edən, daha doğrusu, adi oyun səviyyəsindən FUTBOLun gözəlik adlı zirvəsinə qaldıran komandaların meydandakı 11 futbolçusu yox, tribunaya toplaşan 12-ci oyunçularıdır: “Qarabağ”la “Neftçi”nin azarkeşləri.

90 dəqiqə dayanmadan bu tribunadan o tribunaya, o tribunadan da bu tribubaya atmacalar atan (bəzən hətta etik çərçivələri aşmaqla) fanatlar dünən “Azərsun Arena”da yalnız bircə dəfə, amma necə deyərlər, yerində və zamanında, lazım olan əsl məqamında həmrəylik nümayiş etdirdilər: Vətən və Şəhidlərimizə sayğı anı olan əfsanələşmiş 44-cü dəqiqə gələndə. Onda “Qarabağ”la “Neftçi”nin fanatları artıq çılğın azarkeşlər kimi deyil, el-obasının, yurd-yuvasının təəssübünü çəkən əsl patriotlar kimi davrandılar. “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarını bir yerdə, bir ağızdan elə ürəklə səsləndirdilər ki, bu dəfə onlar alqışlayan deyil, alqışlanan oldular.

***

Zəfərimizin 5-ci ilinə təsadüf edən bu oyuna Peşəkar Futbol Liqası əsl vətənpərvərlik ab-havası qatmışdı. Matça komandaların şəhid övladları ilə çıxmaları, “Qarabağ”ın meydan sahibi olduğu oyunda topa ilk zərbəni “Neftçi”nin şəhid azarkeşi Rüfət Əsgərovun oğlu Xansuvarın vurması, “Qarabağ”ın şəhid azarkeşi Məhəmmədəli İbrahimlinin atasının xüsusi qonaq kimi oyuna dəvət edilməsi, birinci hissədə “Xudayar təsnifi”nin səslənməsi və sair - bunlar PFL-in davamlı diqqətçəkən və vətənpərvər təşəbbüslərinin davamı idi.

***

Bəs, bu maraqlı oyun niyə “Tofiq Bəhramov”da deyil, kiçik tamaşaçı tutumlu “Azərsun Arena”da keçirilirdi? Rəsmi protokola əsasən, stadionda matçı 4677 tamaşaçı izləyib. Doğrudur, tribunalar tam dolmuşdu. Həm adi tribunalar, həm VİP-lər, həm də “Skybox”lar.

Amma qarşılaşma şəhərin mərkəzi və əlçatan hissəsi olan Respublika stadionuna təyin edilsə idi, bəlkə də azarkeş sayı azı 10 min nəfərə də çatardı. Sualıma “Qarabağ” klubunun İdarə Heyətinin Asif Əsgərov belə cavab verdi ki, həmin arena “Çelsi” matçının yüklənməsindən təzə çıxıb, həm də Azərbaycan millisi Fransanı noyabrın 16-da “Tofiq Bəhramov”da qəbul edəcək deyə, meydançanı qorumaq lazım gəlib.

Türk qardaşlarımız demiş, milliyə hər şey fəda olsun. Amma milli də gərək fədakar olsun. 1-2 oyunda deyil - həmişə, daim.

Və bu istiqamətdə millinin yeni baş məşqçisi Ayxan Abbasov işə başlayıb. O da oyunda idi, matçı da diqqətlə izləyirdi. Çünki qarşıdakı İslandiya və Fransa ilə DÇ-2026-nın görüşlərinə “Neftçi” və “Qarabağ”dan da futbolçular çağırılıb. Cənab Abbasov şən ab-havada idi, matçın fasiləsi zamanı ayaqüstü söhbət imkanımız da oldu. Fransa millisi ilə son oyunumuzu yada saldı, Kilian Mbappenin adını təkrar-təkrar, həm də ona rəğbətlə qeyd etdi. Və dedi: “Elə qolu (bizim qapıya - A.B.) ancaq Mbappe vura bilərdi”. 

Ayxan müəllim oyunu AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə yanaşı izləyirdi. PFL prezidenti Elxan Səmədov da onlarla bir tribunada idi. Amma yaxşı olar ki, gərək heç olmasa belə oyunlara AFFA prezidenti Rövşən Nəcəf özü də gələ. Sırf o səbəbdən ki, futbol federasiyasının rəhbəri yerli çempionatın oyunlarına da vaxt ayırmalı və birinci o özü başqalarına nümunə olmalıdır.

Yeri gəlmişkən, rəsmi şəxs kimi futbola baxmağı Allah kəssin :)) Oyunları stadionda izləmələri yaxşıdır, amma Eldəniz Zeynalov demiş, emosiya çatmır, emosiya. Onların üzünə matçın əvvəlindən hopmuş soyuq bir ifadə düz 90 dəqiqə dəyişməz qaldı: 2 qol vurulanda da, neçə-neçə təhlükəli epizodlar yarananda da, Piriç və Şahruddin möhtəşəm seyvlər edəndə də.

Təbii ki, bunlar başadüşüləndir. Necə deyərlər, tərəfsizlik məsələsi olmalıdır və vacibdir. Ən azı ictimai yerdə.

Amma əlbəttə, eyni sözləri klub nümayəndələrinə aid etmək olmaz. Həm “Neftçi”,  həm “Qarabağ” rəhbərliyinin yer aldığı sektorlarda həyəcan aşkar hiss olunurdu. Məsələn, qonaqlarla dolu olan Ağdam klubunun “Skybox”unda baş direktor Emrah Çelikel oyun başlayandan ta sona qədər demək olar ki, oyunu döşəkcəli rahat skamyada oturmaqla deyil, sıravi fan klub azarkeşi kimi sonadək ayaqüstə izlədi.

“Qarabağ” tribunasını “Neftçi”nin, “Neftçi” tribunasını “Qarabağ”ın narahat etdiyi anlar az olmadı. Təəssüf ki, bugünkü “Neftçi” “Qarabağ”la yalnız bir hissə oynaya bildi. İkinci hissə komandalar arasındakı güc fərqi özünü daha qabarəq göstərdi, qələbə qazanan “Qarabağ” oldu (2:0).

İnsafən, bu mövsüm “Neftçi”də oyun baxımından irəliləyiş nəzərə çarpır. Baş məşqçi Samir Abasov komandanın 2-3-cü dövrədə istədiyi nəticələri qazanaraq avrokuboklara gedəcəyinin siqnalını verir. Amma reallıqda bu gün Azərbaycanda heç bir komanda mövsümün yekununda “Qarabağ”ı üstələmək gücündə deyil. Onları “Çelsi” uda bilmədi, indi “Qarabağ”a  “Neftçi”nin məğlubiyyəti də faciə olmamalıdır.

“Qarabağ”da qapı etibarlı əllərdədir, müdafiədə “Şuşa qalası” kimi keçilməz sədd qurulub, yarımmüdafiə xətti ümumən yaxşıdır, amma “10” nömrə mövqeyində boşluq görünür. Zubir o mövqedə özü deyil, Kadi də əvvəlki Kadi. Heyf ki, Benzia getdi. Görəsən, indi Ərəbistanda oturub Çempionlar Liqasında 7 xal qazanan “Qarabağ”a baxanda buranı tərk etdiyinə peşmanlıq hissi keçirirmi?

Kamilo Duran oyundan oyuna daha da uyğunlaşır komandaya. Nəriman isə… Bu şanslar ona Qurban Qurbanov tərəfdən bir daha verilməyə bilər. Meydanda olanda qol vurmaq lazımdır. Hücumçunun işi budur Amma 8 Premyer Liqa matçında cəmi 1 qol yox.

Çünki azarkeş qol istəyir, qələbə arzulayır.

Deməli, hər bir oyunçu təkcə özünü yox, həm də bütün azarkeşi düşünməlidir.

Çünki futbolu futbol edən azarkeşlərdir.

“Qarabağ” - “Neftçi” oyununun azarkeşləri kimi... 

Yeri gəlmişkən, dünən uduzan “Neftçi” olsa da, azarkeşləri stadionu tərk edib küçələrə axışandada da “Neftçi” şüarını dillərindən düşürmədilər.

Deməli, “Neftçi”siz Azərbaycan futbolu yoxdur.

Elə “Qarabağ” kimi.

Aydın Bağırov

Избранный
47
teleqraf.com

1Источники