ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Çin mənşəli "DeepSeek” adlı süni intellekt modeli, az resursla yüksək nəticələr əldə edərək 2025-ci ilin əvvəlində qlobal texnologiya dünyasında böyük rezonans doğurdu. Lakin qısa müddətdə şirkət həm ABŞ, həm də Avropa tərəfindən "veri təhlükəsizliyi” və "casusluq” iddiaları ilə üzləşib.
Qaynarinfo xəbər verir ki, yanvar ayında istifadəyə verilən "DeepSeek” modeli, ABŞ rəqiblərinə bərabər performans göstərməsinə baxmayaraq, məlumatların Çinə ötürülməsi ehtimalı ilə diqqət mərkəzinə düşüb.
Aprel ayında Konqres tərəfindən yayımlanan hesabatda bildirilirdi ki, "DeepSeek” istifadəçi məlumatlarını Çin dövlətinə ötürür, təhlükəsizlik boşluqları yaradır və Çin qanunlarına uyğun şəkildə məlumatları senzura edir.
Bu açıqlamadan sonra Texas, Nyu-York, Virciniya, Tennessi, Ayova, Şimali və Cənubi Dakota, Şimali Karolina, Nebraska, Arkanzas, Oklahoma, Alabama, Kanzas, Corciya, Pensilvaniya, Oreqon və Nevada daxil olmaqla 17 ştat "DeepSeek” platformasını dövlət şəbəkələrində qadağan edib.
Hazırda fərdi şəxslərin və özəl şirkətlərin platformadan istifadəsinə tam qadağa qoyulmayıb. Lakin bəzi federal qurumlar və hərbi bölmələr təhlükəsizlik səbəbilə "DeepSeek”ə girişi məhdudlaşdırıb.
Qadağaların əsas səbəbi Çin qanunvericiliyindəki məcburi məlumat paylaşımı qaydalarıdır. Bu qanunlar şirkətləri dövlət və ordu ilə istifadəçi məlumatlarını bölüşməyə məcbur edir.
"DeepSeek”in məxfilik siyasətində istifadəçilərin söhbət qeydlərinin və yüklədikləri faylların Çin serverlərinə göndərildiyi açıq şəkildə qeyd olunur. Bu səbəbdən bir çox ABŞ dövlət qurumu əməkdaşlarının platformadan istifadəsini qadağan edib.
Yanvar ayında "Müdafiə İnformasiya Sistemləri Agentliyi” (DISA) və ABŞ Donanması öz əməkdaşlarına "DeepSeek”dən istifadəyə qadağa qoyub. NASA, Ticarət Nazirliyi, Konqres və Senat da oxşar qərarlar qəbul edib.
Eyni dövrdə Konqresdə iki qanun layihəsi təqdim olunub: "No DeepSeek on Government Devices Act” dövlət cihazlarında platformadan istifadənin qarşısını almağı, "Decoupling America’s AI Capabilities from China Act” isə Çinlə süni intellekt əməkdaşlığını məhdudlaşdırmağı hədəfləyirdi. Lakin bu layihələr hələ qüvvəyə minməyib.
ABŞ-dakı qərarların ardından Avropa və Asiyada da oxşar addımlar atılıb. Cənubi Koreya təhlükəsizlik səbəbilə tətbiqi mağazalardan çıxarıb. Çexiya, Tayvan və Avstraliya "DeepSeek”in dövlət cihazlarında istifadəsini qadağan edib. İtaliya isə gizlilik narahatlıqları əsas gətirərək ölkə miqyasında yasağa qərar verib.
Almaniya "Google” və "Apple”a tətbiqi mağazalarından silməyi tövsiyə etdi. İrlandiya, Niderland, Fransa, Xorvatiya, Cənubi Kipr, Lüksemburq, Portuqaliya və Yunanıstan da oxşar məhdudiyyətləri nəzərdən keçirir.
Afrika və Latın Amerikada "DeepSeek” əksinə, inkişaf imkanı kimi qarşılanıb. Bu regionlarda platforma həm yerli süni intellekt təşəbbüslərinə dəstək verir, həm də Çinin iqtisadi və siyasi təsirini artırmaq üçün vasitə rolunu oynayır.
"DeepSeek” böhranı bir daha fərdi məxfiliklə milli təhlükəsizlik arasındakı incə xətti gündəmə gətirib. Texnologiya ilə siyasət arasındakı sərhəd getdikcə bulanıqlaşarkən, ölkələr artıq yalnız innovasiyaları deyil, həm də bu yeniliklərin kim tərəfindən və hansı məqsədlə yaradıldığını sorğulamaq məcburiyyətində qalır.
Aydın
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.