ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Hazırkı beynəlxalq münasibətlər sistemi getdikcə daha gərgin və qeyri-sabit xarakter alır. Dünyada baş verən regional münaqişələr, iqtisadi bloklaşmalar və geosiyasi qarşıdurmalar qlobal təhlükəsizlik arxitekturasını sarsıdır. Ukraynada müharibə, Yaxın Şərqdə davam edən toqquşmalar, Çin-Tayvan gərginliyi və Rusiya-Qərb münasibətlərindəki dərin uçurum bir çox ekspertləri yeni, daha təhlükəli mərhələnin yaxınlaşdığı barədə xəbərdar edir. Bəs, bu proseslər fonunda üçüncü dünya müharibəsinin başlama ehtimalı nə dərəcədə realdır?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, dünyada güc mərkəzləri arasında balans pozulub, lakin bu balans hələ tam dağılmayıb:

“ABŞ-Çin rəqabəti, Rusiya-Qərb qarşıdurması və Yaxın Şərqdə İsrail-İran gərginliyi bir-birindən qidalanan münaqişə zənciri formalaşdırır. Bu gərginliklər hələlik lokal müharibələr səviyyəsində qalır, lakin global qarşıdurmaya keçmək üçün zəmin yaradır. Xüsusilə Ukrayna və Qəzza cəbhələri bu balansın sınaq nöqtələridir”.
Politoloqun sözlərinə görə, Rusiya ilə NATO arasında hərbi toqquşma riski son 30 ilin ən yüksək həddinə çatıb. Eyni zamanda, Çin Tayvan məsələsində Qərbə qarşı siyasi və iqtisadi təzyiq mexanizmlərini gücləndirir:
“ABŞ-ın həm Avropa, həm Asiya, həm də Yaxın Şərqdə eyni anda aktiv mövqedə olması, Vaşinqtonun strateji yorğunluğunu dərinləşdirir. Bu isə BRICS və ŞƏT kimi yeni güc mərkəzlərinin daha fəal rol oynamasına şərait yaradır”.
Tural İsmayılov qeyd edib ki, diplomatik mexanizmlər işə yaramadığı halda lokal toqquşmalar asimmetrik və hibrid müharibələr formasında genişlənə bilər:
“Nüvə silahlarının mövcudluğu bu dəfəki müharibənin nəticələrini proqnozlaşdırılmaz hala gətirəcək. Bu səbəbdən böyük dövlətlər açıq qarşıdurmadan çox proksi savaşlara üstünlük verirlər. Hərbi-siyasi ritorika artdıqca diplomatiyanın rolu zəifləyir. Reallıq budur ki, dünya artıq “soyuq sülh” dövrünə qədəm qoyub. Üçüncü dünya müharibəsi hələ başlamayıb, amma onun kölgəsi artıq dünyanın üzərində dolaşır”.
Aynurə İsmayıl
KONKRET.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.