Aparılan uğurlu siyasət Azərbaycanı regional gücə çevirib və beynəlxalq səviyyədə ölkəmizin mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Respublikamız xoş məramdan çıxış etməklə bir qayda olaraq regionda davamlı sabitliyin təmin olunmasını, etimad mühitinin möhkəmlənməsini, əməkdaşlığın genişlənməsini hədəfləyən təşəbbüslər irəli sürür və ayrı-ayrı layihələrin həyata keçirilməsində yüksək fəallıq göstərir ki, bu da bütün dünyada təqdirlə qarşılanır. Bunu elə bu günlərdə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla Mərkəzi Asiya dövlətlərinin liderlərinin C5+1 formatı çərçivəsində baş tutan görüş bir daha təsdiqlədi. Həmin görüşdə Azərbaycanın regional əməkdaşlıqda, o cümlədən də ABŞ-Mərkəzi Asiya dialoqunda rolu yüksək dəyərləndirlib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib
Deputat bildirib ki, ABŞ-la Mərkəzi Asiya dövlətlərinin çoxtərəfli əməkdaşlığını əhatə edən C5+1 formatının əsası 10 il bundan əvvəl qoyulub. Bu platformanın ilk iclası 2015-ci il noyabrın 1-də Özbəkistanın Səmərqənd şəhərində keçirilib. ABŞ və beş Orta Asiya ölkəsinin yüksək vəzifəli diplomatları görüşərək tərəfdaşlıq və əməkdaşlıq haqqında birgə bəyannamə qəbul ediblər. Ağ Evdə C5+1 formatı beş Mərkəzi Asiya ölkəsinin hökumətlərinin və ABŞ hökumətinin əməkdaşlıq formulu və yaxud regional dialoq platforması kimi dəyərləndirlir. Yeni platforma təşəkkül taparkən “müstəqil, çiçəklənən və qorunan Mərkəzi Asiyaya nail olmaq üçün ABŞ-la bəhs olunan dövlətlər arasında fəaliyyətin koordinasiya edilməsi” əsas məqsəd kimi götürülmüşdü.
"Bir sıra geosiyasi amillər səbəbindən ötən 10 ildə C5+1 formatının fəaliyyətində ciddi bir intensivlik müşahidə olunmayıb. Format çərçivəsində ikinci yüksəksəviyyəli görüşün keçirilməsi təşəbbüsü Ağ Evdən gəlib.
Tramp administrasiyası yaranmış geosiyasi vəziyyəti ABŞ-ın ənənəvi təsir dairəsindən kənarda olan Mərkəzi Asiyada möhkəmlənməsindən ötrü əlverişli fürsət kimi dəyərləndirir. Ağ Ev bununla özünün iqtisadi və siyasi maraqlarını təmin etmək istəyir. Eyni zamanda, Vaşinqtonla əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəltmək Mərkəzi Asiya dövlətlərinin də marağındadır.
Sammit çərçivəsində iqtisadi məzmunlu böyük razılaşmaların əldə olunması diqqət çəkir.
Yüksəksəviyyəli görüşdə müzakirələrin əsas mövzusu Mərkəzi Asiyanın mineral ehtiyatlarına çıxış olub. Qazaxıstanın uran istehsalında lider mövqeyi, Özbəkistanın qızıl ehtiyatları və Türkmənistanın qaz resursları ABŞ üçün strateji əməkdaşlıq imkanlarını artırır. Özbəkistan üç il ərzində malların alışı və investisiyalar yolu ilə Amerika iqtisadiyyatına təxminən 35 milyard, növbəti on il ərzində isə 100 milyard dollardan çox sırmayə qoyacaq. ABŞ ilə Qazaxıstan arasında da əməkdaşlıq genişlənir. Vaşinqtonda baş tutan Sammit çərçivəsində Qazaxıstan ABŞ ilə böyük mineral sazişinin bağlandığını elan edib. ABŞ-in “Cove Kaz Capital Group” şirkəti Qazaxıstanla birgə sazişdə 70 faizlik pay əldə edəcək. Sazişin dəyəri 1,1 milyard dollar olacaq. ABŞ İxrac-İdxal Bankı (EXIM Bank) isə 900 milyon dollarlıq maliyyə ayırmaq niyyətini açıqlayıb. Sammitdə Qazaxıstan, Tacikistan və Özbəkistana toplam 37 “Boeing” təyyarəsinin satılması da razılaşdırılıb. Həmçinin Qazaxstan Milli Bankı və ABŞ-nin “Visa” transmilli şirkəti arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sammit çərçivəsində liderlər Qazaxıstan və ABŞ arasında dəyəri 17 milyard dollardan çox olan kommersiya sazişlərinin imzalanmasını alqışlayıblar",- deyə Samir Vəliyev vurğulayıb.
O əlavə edib ki, C5+1 formatında keçirilən yüksəksəviyyəli görüşün müzakirə mövzularından biri də Zəngəzur dəhlizi (TRIPP marşrutu) olub. Bəhs olunan marşrutun yaradılması ideyası Azərbaycana məxsusdur. Bu marşrut Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan üzərindən maneəsiz nəqliyyat bağlantısını təmin etməklə yanaşı, Avrasiyada tranzit daşımalarının optimallaşdırılması baxımından da müstəsna önəm daşıyır. Cari il avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə Vaşinqtonda baş tutan görüşdə yeni marşrutun yaradılması ilə bağlı prinsipial razılıq əldə olunub və hazırda zəruri infrastrukturun yaradılması ilə bağlı məsələlər müzakirə olunur. Güclü və məsuliyyətli dövlət olan Azərbaycan yeni nəqliyyat bağlantısının ölkəmizin ərazisindən keçən hissəsində avtomobil yolunun və dəmiryolu xəttinin inşasını intensiv şəkildə davam etdirir. Hazırda layihələrin icrası son mərhələdədir.
Vaşinqtonda C5+1 formatında Zəngəzur dəhlizinin önəmi bir daha vurğulanıb.
Deputatın sözlərinə görə, yeni siyasi və iqtisadi konfiqurasiyada Azərbaycanla Mərkəzi Asiya dövlətlərinin artan iqtisadi əlaqələri, o cümlədən də nəqliyyat sahəsində genişlənən əməkdaşlıq bütövlükdə Avrasiya üçün müstəsna önəm daşıyır. “Azərbaycan əlverişli coğrafi yerləşməsi ilə Orta Dəhlizin çox mühüm həlqəsini təşkil edir. Ancaq ölkəmizin üstünlüyü yalnıız coğrafiya ilə məhdudlaşmır. Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında ötən illərdə bütün marşrutlar boyunca müasir yol-nəqliyyat infrastrukturu qurulub. Bakı-Tbilisi-Qars dəmir yolu xətti çəkilib, Ələtd, Xəzərdə ən böyük liman tikilib. Bütün bunların sayəsində də Azərbaycan qısa müddətdə Avrasiyada mühüm nəqliyyat hablarından birinə çevrilib. Beynəlxalq səviyyədə də etiraf olunur ki, bütün yollar Bakıdan keçir ki, bu da tranzit daşımalarında ölkəmizin mövqeyini gücləndirir”, - deyə Samir Vəliyev vurğulayıb.