ain.az, futbolpress-az saytına istinadən bildirir.
“Qarabağ”ın Çempionlar Liqasının IV turunun “Çelsi” ilə matçının şərhini “CBC Sport”da azərbaycanlı Pərviz Musayev ilə türkiyəli Ertem Şener edib. İlk dəfə türkiyəli jurnalistlər edilən şərh futbol ictimaiyyəti və azarkeşlər arasında maraqla qarşılaşıb.
Pərviz Musayev “Futbolpress.az“a açıqlamasında türkiyəli həmkarı ilə qoşa şərhi dəyərləndirdi:
“Qoşa şərh praktikası çox olub. Öz həmkarlarımızla dəfələrlə bunu etmişik. Düzdür, özümüzünkülərlə bir-birimizi tanıyır, yaxşı başa düşürük. Amma ilk dəfə idi ki, əcnəbi biri ilə şərh etdik. Şenerlə bir-birimizi tanıyırdıq. Oyundan əvvəl də görüşdük, tanışdıq. Şərh zamanı müəyyən çətinliklər ola bilərdi, amma bir-birimizi yaxşı başa düşdük, ilk dəfə üçün xoş oldu. Düşünürəm ki, tamaşaçılar daha düzgün fikir bildirə bilər. Oyundan sonra sosial şəbəkələrdə də müsbət rəylər gördüm”.
Şenerin daha öncə başa internet telekanalında şərhçilik edəcəyi bildirilsə də, daha sonra “CBC Sport” variantı ortaya çıxmışdı. Musayev prosesin gedişatı ilə bağlı məlumatsız olduğunu bildirdi:
“Prosesin necə olduğu barədə məlumatsızam. Sadəcə gələn tapşırıq belə oldu ki, razılaşdırılıb və Şenerlə birlikdə şərh edəcəksiniz. Rəhbərlik tərəfindən tapşırıq verildi və icra etdik. Şərh zamanı çətinliyimiz olmadı. Daha əvvəl də qoşa şərhlər etmişik və təcrübəmiz var idi”.
Şərhin gedişində səsi ilə bağlı qısa problem yaşadığını bildirən Musayev ikinci hissədə hər şeyin qaydasında getdiyini bildirdi. O, eyni zamanda Şenerlə şərhin yaddaqalıcı olmasından və gələcəkdə Türkiyədə oyun şərhi ehtimalından söz açdı:
“Bir az ilk hissənin sonunda səsim batmışdı. Buna görə narahatlığım oldu. Amma çox şükür ki, ikinci hissədə hər şey qaydasında getdi. Gələcəklə bağlı nəsə deyə bilmərəm. Bu, Türkiyə tərəfindən olmalıdır. Qarşı tərəfdən təklif olarsa, dəyərləndirə bilərik. Amma Ertemlə bu haqda müzakirə etməmişik.
Yaddaqalan şərhlərimiz çox olub. Bu da onların sırasına qoşuldu. Daha əvvəl isə “Qəbələ”nin “Lill”lə görüşü, Avropa çempionatında Fransa – İspaniya oyunununda öz həmkarlarımızla qoşa şərhdə olmuşuq. Rövşən Binnətli ilə Lider TV-də çalışan zaman qoşaşərhimiz olub. Eyni zamanda Gündüz Abbaszadə, Ramiz Mirzəzadə, Şəmsəddin Abbasovla yaxşı şərhlərimiz olub və bölmək istəməzdim. Bunların hər biri mənim üçün yaddaqalandır və bölmək istəmərəm”.
Şahin Cəfərov
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.