RU

Balasanyan buna görə PEYDA OLUB: Paşinyan “vurulur”, müharibə başlayır, sonra isə ..

Birinci Qarabağ Müharibəsinin iştirakçılarından, keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının katibi” olmuş Vitali Balasanyan uzun fasilədən sonra yenidən ictimaiyyət qarşısına çıxıb. Onun “9 noyabr sənədi qüvvədədir, bunu heç kim ləğv etməyib. Dünyanın heç bir yerində sülh və təhlükəsizlik yoxdur. Əgər zəmanət verilərsə, “artsaxlılar” geri qayıda bilərlər” fikirləri Ermənistanda revanşist dairələrin hələ də fəal olduğunu göstərib.

Bəs, Balasanyanın bu çıxışı bölgədə yeni gərginliklərin yaranmasına səbəb ola bilərmi? Ermənistanla Azərbaycan arasında yenidən müharibə riski varmı?

Məsələ ilə bağlı NOCOMENT.az-a danışan politoloq Züriyyə Qarayeva bildirib ki, Balasanyanın açıqlamaları revanşist düşüncənin Ermənistan cəmiyyətində hələ də tamamilə aradan qalxmadığını göstərir:

“Bu, həm keçmiş “Qarabağ klanı”nın, həm də Rusiyaya bağlı köhnə hərbi-siyasi çevrələrin yenidən aktivləşmək cəhdidir. Balasanyan açıq şəkildə 9 noyabr bəyanatını “həyata keçirilməmiş sənəd” kimi təqdim etməklə həm Moskvanın, həm də daxili revanşist dairələrin mövqeyini təkrarlayır. Bu bəyanatlar real siyasi proseslərə təsir göstərəcək qədər güclü olmasa da, Ermənistanda revanşizmi diri saxlamaq məqsədi daşıyır.”

Politoloqun sözlərinə görə, Ermənistanın hazırkı hərbi potensialı, sosial durumu və beynəlxalq dəstək imkanları yeni müharibəyə başlamasına imkan vermir:

“Azərbaycan tam suverenliyini bərpa edib və bölgədə güc balansı Bakının xeyrinə dəyişib. Müharibə ehtimalı yalnız daxili siyasi manipulyasiya üçün istifadə olunan ritorikadır. Paşinyanın hakimiyyətdən getməsi belə bu reallığı dəyişməz, çünki nə Moskva, nə də Qərb bu mərhələdə Cənubi Qafqazda yeni silahlı qarşıdurma istəyir.”

Z.Qarayeva əlavə edib ki, Balasanyan kimi fiqurların səhnəyə çıxması daha çox Ermənistanda ictimai fikri manipulyasiya etməyə, “məğlubiyyət sindromunu” siyasi enerji mənbəyinə çevirməyə yönəlib:

“Azərbaycan 2020 və 2023-cü illərdə yaratdığı hərbi-siyasi reallıqla belə fikirlərin qarşısını alan ən güclü zəmanəti – öz ordusunu və regional diplomatik çəkisini formalaşdırıb. Bu səbəbdən revanşist bəyanatlar informasiya ritorikasından o tərəfə keçə bilmir və Ermənistan cəmiyyətinin real gələcək gündəmini dəyişmək gücünə malik deyil.”

Aynurə İsmayıl
NOCOMENT.az

Избранный
45
nocomment.az

1Источники