RU

Dövlət orqanlarında köməkçi TƏYİNATLARI - “Tanışlıq yox, bilik əsas meyar olmalıdır”

Dövlət orqanlarında “köməkçi” vəzifələri dövlət qulluğuna aid vəzifə hesab olunur. Belə vəzifələrə təyinat “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu və Dövlət İmtahan Mərkəzinin (DİM) müəyyən etdiyi qaydalar əsasında həyata keçirilir. Bəzi dövlət qurumlarında köməkçi vəzifəsində çalışan şəxslərin imtahan və müsabiqədən keçmədən, birbaşa işə götürülməsi ictimaiyyətdə narazılıq doğurur. Bu praktika çox zaman şəffaflıq və obyektivlik prinsiplərinə zidd sayılır.

Bəs, nazir, icra başçısı və ya yüksək vəzifəli şəxs özünə istədiyi köməkçini sərbəst şəkildə seçə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, dövlət qulluğuna aid vəzifələrdə belə hallar yolverilməzdir:

“Əlbəttə, dövlət qulluğuna aid olmayan bəzi texniki işlərə müqavilə əsasında işçi götürülməsi normal sayılır. Məsələn, müəyyən texniki işlərin görülməsi üçün bu, vaxt itkisinin qarşısını alır. Amma, dövlət qulluğuna aid bütün vəzifələr yalnız müsabiqə yolu ilə həll olunmalıdır.

Müsabiqəsiz, imtahansız işə qəbul  korrupsiya elementidir. Buna yol vermək olmaz. Bu məsələyə xüsusi diqqət yetirilməlidir”, - deyə Fazil Mustafa qeyd edib.

Deputat onu da əlavə edib ki, işə qəbulda şəffaflıq və obyektivlik prinsiplərinin qorunması dövlət idarəçiliyinin keyfiyyətinə birbaşa təsir göstərir:

“İstənilən vəzifəyə təyinat zamanı “tanışlıq” və ya “seçim azadlığı” prinsipi deyil, qabiliyyət və bilik əsas meyar olmalıdır”.

Aygün Hüseyn, Bizim.Media

Избранный
27
2
bizim.media

3Источники