RU

Üç restoran parkın ərazisini “qəsb” edib – İcra Hakimiyyəti hara baxır?

Dünyanın ən gözəl şəhələrindən biri hesab olunan Bakının özünəməxsus tarixi-memarlıq xüsusiyyətlərinin bir parçası da parklardır.

Hər kəsə məlumdur ki, park istirahət və əyləncə üçün nəzərdə tutulmuş yaşıllıq sahəsidir. Ağaclar, gül-çiçəklər, yaşıl çəmənlərlə bəzənən parklarda skamyalar düzülür, fəvvarələr, atraksionlar, idman qurğuları salınır.

Şəhərimizin Bakıxanov qəsəbəsində bir sıra parklar var. Onlardan biri də qəsəbənin Yavər Əliyev küçəsi ilə üzbəüzdə yerləşən parkdır. “Google” axtarışında bu kiçik istirahət mərkəzinin adı “Bakıxanov Parkı Yeni” kimi qeyd edilib. Amma parkın girişində onun adını göstərən lövhə yoxdur.

NOCOMMENT.az-a müraciət edən oxucuların xahişi ilə bu yaxınlarda həmin parka baş çəkdik.

Oxucularımızın bizə verdikləri məlumata görə, əvvəllər bu park olduqca bərbad gündə imiş. Parkda cəmi iki-üç sınıq-salxaq skamya, dəmir yelləncək və turnik, çox az yaşıllıq varmış. Amma parkın ərazisində birmərtəbəli “Yaşıl ada” deyilən kafe fəaliyyətə başlayandan sonra gecə yarıyadək oradan eşidilən bayağı mahnılar, sərxoş müştərilərin səs-küyləri, dava-dalaşları Yavər Əliyev küçəsində yaşayan sakinlərin rahatlığının pozulmasına gətirib çıxarıb. Sakinlərin şikayətindən sonra isə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bu məsələnin həll istiqamətində addımlar atıb.

 İnsaf xatirinə demək olar ki, nəqliyyatın sıx olduğu yolun kənarında salınsa da, park özü indi “yaşıl ada”nı xatırladır.

Bir neçə il öncə parkda abadlıq və quruculuq işləri aparılıb, yeni ağaclar əkilib, yaşıl çəmənlik salınıb, kiçik fəvvarə inşa edilib, yeni skamyalar, zibil qutuları qoyulub, uşaqların əylənməsi üçün atraksion quraşdırılıb, elektrik maşınları gətirilib. Bakıxanov sakinləri üçün yeni istirahət və əyləncə məkanı yaradılıb.

Problem bundadır ki, həmin dövrdən başlayaraq bu kiçik parkın içində, nə az, nə çox, düz 3 restoran peyda olub. İlk nəzərdə elə görünür ki, “La Villa”, “Station” və “Qarden” restoranları parkın kənar yerlərində salındığı üçün burada piyada yürüş edənlərə, velosiped və ya maşın sürən uşaqlara, yeniyetmələrə, yaşlılara əngəl yaratmır.

Bu üç restoranın hər biri parka aid olan hissələri qəsb edib. Bu mənada, “Qarden” restoranı daha da irəli gedib. Sakinlər bir də gözlərini açıb görüblər ki, “Qarden” restoranı dörd bir tərəfdən parkın ərazisinə aid olan hissəni tutub. Parkda olan yeganə fəvvarəni də “qapazlayıb”. Və parka aid hissəni ağaclarla “hasarlayıb” və fəvvarəyə gedən yolu iri dibçəklərlə qapadıb. Buna görə də parkda piyada gəzmək, velosiped, skuter sürmək istəyənlər üçün məkan daralıb.

Bundan başqa, yay aylarında sakinlər səs-küydən evlərində rahat otura bilmirlər. Çünki 3 restoranın park ərazisində quraşdırdıqları mini səhnələrdə eyni zamanda fərqli səs diapazonlarına və repertuarına malik 3 müğənni çıxış edir.

Maraqlısı odur ki, nə parkın ərazisinin restoranlar tərəfindən “qəsb” olunması, nə də səs-küyün sakinlər üçün əsl mənəvi işgəncəyə çevrilməsi İcra Hakimiyyətinin vecinə deyil. Əks halda, hansısa vətəndaşın kiçik tikintisinə “həssas” münasibət bəsləyən İH məmurlarının bu boyda “park qəsbi”ni görməməsi kiməsə inandırıcı gələ bilməz.

Sual olunur: niyə kiçicik parkda 3 restoran fəaliyyət göstərməlidir və onların park ərazisinə “soxulması”na görə məsuliyyəti kim daşımalıdır?


Xatirə SADİQ

Избранный
27
nocomment.az

1Источники