"Biz Ukraynaya pul xərcləmirik, indi NATO vasitəsilə onlar bizə pul ödəyirlər..."
Trampın açıqlaması və mövqeyi
Ukrayna mətbuatının yazdığına görə, ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə görüş zamanı Ukraynaya yardımın artıq əvvəlki məna daşımadığını bəyan edib. Onun sözlərinə görə, "Ukrayna müharibəsi dünya üçün daha təhlükə törətmir". O, deyib: "Mən prezident olsaydım, bu müharibə heç vaxt baş verməzdi. Əgər mən prezident olmasaydım, bu müharibə üçüncü dünya savaşına gətirib çıxara bilərdi".
Moderator.az xəbər verir ki, Tramp vurğuluyub ki, Vaşinqton Ukraynaya pul xərcləməkdən imtina edib və əksinə, NATO prosesi vasitəsilə qazanc əldə etməyə başlayıb. Tramp müharibəni bitirəcəyinə inandığını bir daha vurğulayıb. O, öz prezidentliyi dövründə "səkkiz münaqişəni dayandırdığını" xatırladaraq, Ukrayna ilə bağlı da eyni nəticəni əldə edəcəyini bildirib.
Tramp deyir ki, həm Rusiya, həm də Ukrayna ABŞ-a iqtisadi ziyan vurub, ölkə artıq böyük xərclər çəkmək istəmir. Onun fikrincə, indi oyun qaydaları dəyişib - "artıq pul xərcləyən tərəf deyil, pul qazanan tərəf" rolunu oynayırlar.
ABŞ-ın yeni mexanizmi: PURL proqramı
Tramp hansı mexanizmi nəzərdə tutduğunu konkret açıqlamasa da, ehtimal olunur ki, söhbət PURL adlanan birgə NATO-ABŞ proqramından gedir. Bu proqram Ukraynanın hansı silah və texnikaya təcili ehtiyac duyduğunu müəyyənləşdirir və siyahı formasında NATO ölkələri arasında koordinasiya edir. Məhz bu siyahı əsasında hansı ölkənin nə göndərəcəyi, kimdən hansı silahın alınacağı, istehsal və logistika planı müəyyən edilir. Bu mexanizm prosesə sistemlilik gətirir və ABŞ üçün vacib olan bir üstünlük yaradır: silahlar Amerika hərbi sənaye kompleksindən alındığı üçün pul birbaşa ABŞ iqtisadiyyatına geri qayıdır.
Xərcləyən yox, qazanan tərəfə çevrilən Vaşinqton
Trampın dediyinə görə, Ukraynaya yardım artıq ABŞ üçün maddi yük deyil. NATO ölkələri Ukrayna üçün lazım olan silah və sursatları Amerika istehsalçılarından aldıqları üçün Vaşinqton maliyyə baxımından qazanclı vəziyyətə düşür. Tramp bunu belə təsvir edir: əvvəllər ABŞ büdcəsindən vəsait ayrılırdı, indi isə həmin vəsait geri qayıdır. O, hesablamalara əsaslanaraq bildirir ki, ABŞ əvvəllər Ukrayna və Rusiya ilə bağlı proseslərə görə 350 milyard dollar itirib, amma bu yanaşma dəyişib. ABŞ artıq yardım edən yox, silah satan tərəfə çevrilib.
Moderator.az