RU

"O vaxt cəmi 19 yaşım var idi" - Əhməd əş-Şəraa həmin terrordan danışdı

Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şəraa bəyan edib ki, 2001-ci il sentyabrın 11-də “Əl-Qaidə” tərəfindən həyata keçirilən Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə hücumla heç bir əlaqəsi yoxdur.

Musavat.com xəbər verir ki, o, bu barədə noyabrın 10-da “Fox News” telekanalına müsahibəsində bildirib.

“Hadisə baş verəndə mən cəmi 19 yaşında idim, çox gənc idim və qərar qəbul etmək səlahiyyətim yox idi. Mənim bu hücuma heç bir aidiyyətim yoxdur, üstəlik, həmin dövrdə "Əl-Qaidə" mənim regionumda mövcud deyildi”, – deyə əş-Şəraa vurğulayıb.

O, həmçinin terror aktı nəticəsində həlak olan hər bir insan üçün dərin hüzn keçirdiyini qeyd edib.

Xatırladaq ki, Dünya Ticarət Mərkəzinin iki qülləsi terrorçular tərəfindən qaçırılmış iki sərnişin təyyarəsinin binalara çırpılması nəticəsində dağılmışdı. Hadisə zamanı 2,6 mindən çox insan həyatını itirib.

2023-cü ilin sentyabrında həmin hücumların daha iki qurbanının kimliyi müəyyənləşdirilib. Ümumilikdə 1649 nəfərin şəxsiyyəti müəyyən edilib, lakin 1104 nəfər hələ də itkin və ya naməlum hesab olunur. Kimliyi müəyyən edilənlərin adları ailələrinin xahişi ilə açıqlanmır. Onlar DNT analizləri vasitəsilə tanınıb.

Bundan əvvəl əş-Şəraa Vaşinqtona səfərindən və ABŞ Prezidenti Donald Tramp ilə görüşündən sonra bəyan etmişdi ki, Suriya ilə ABŞ arasındakı münasibətlər yeni qarşılıqlı əməkdaşlıq strategiyası üzərində qurulacaq.

Şahanə Rəhimli
Musavat.com

Избранный
41
musavat.com

1Источники