RU

Fokuslarını xaricə satan “Tofiq əmi” onlara niyə “yox” dedi?

“On fokusun, heç olmasa, yeddisinin sirrini tamaşaçılar bizdən soruşurlar. Bir dəfə elə oldu ki, 1 manatı tamaşaçıdan alıb, 100 dollar etdim. O sonra baxırdı, görsün ki, həqiqətən, bu, dollardır? Həqiqi dollar olduğunu biləndən sonra dedi ki, bu pul mənimdir. Ona dedim ki, niyə sənin olmalıdır ki? Əziyyət çəkən axı mənəm orada. Hiss edirdim ki, onun bu pulu qaytarmaq fikri yoxdur. Dedim ki, ver, heç olmasa, iki dənə edim, biri sənin olsun, biri mənim. O da aldandı. Gözünün qabağında yenə həmin pulu qatlayıb, açdım, 1 manat oldu və özünə verib dedim ki, sənin pulun budur”.

NOCOMMENT.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında məşhur fokusçu, “Sehrbaz Tofiq əmi” adı ilə tanınan aktyor Tofiq İsgəndərli deyib.

O daha sonra bildirib ki, bəzi fokuslarının sirrini xaricə satıb:

“Fokusların sirlərini satmaq olur. Şəxsən mən xaricə satmışam. İki fokusumun sirrini satmışam, özü də yaxşı pula. Bir dəfə də Çində festivalda olanda müəllif nömrəmi göstərirdim. Oraya öz fokuslarını satanlar gəlmişdilər. Bir-iki sehrbaz yaxınlaşıb soruşdu ki, bu fokusun sirrini satırsan? Dedim ki, xeyr, satmaq fikrim yoxdur, festivalın sonunda baxarıq. Sonra yenidən yaxınlaşıb məndən bu fokusun sirrini satmağımı xahiş edirlər. Özü də təklif etdilər ki, nə qədər qiymət desən, verəcəyik. Sözsüz ki, tərcüməçi ilə danışırdıq. İki min dollar verəcəklərini dedilər. Sonda dörd min dolların üzərində dayandılar. Əvvəlcə pula şirnikləndim, istədim ki, satım. Fikirləşdim ki, o bunu alıb, satışa buraxacaq, ondan sonra mən bu fokusu harada göstərəcəyəm? Nə qazanacağam? Ona görə də satmadım.

Bir dəfə də Türkiyədəki festivalda İrandan olan bir sehrbaz müəllif nömrəmi məndən istədi. Mən o fokusu əlimlə düzəltmişdim. Həmin fokusçu dedi ki, mən bunu fabrikdə düzəltdirərəm, sataram və hər dəfə satılanda da sənə də oradan faiz verərəm. Fikirləşdim ki, bu mənə hesabat verməyəcək ki, bu qədər satdım. Dedim ki, xeyr, satmıram. Çox xahiş etdi, nə qədər dedisə, satmadım. Söhbət “Piramida” fokusumdan gedir. Satdınsa, getdi. Bazara yayılandan sonra onu göstərməyin böyük bir əhəmiyyəti yoxdur. Yəni həmin fokus səninki olmaqdan çıxır.

Pandemiya vaxtında iş yox idi, boş vaxt həddindən artıq çox idi. Mən o zaman bir neçə rekvizit düzəldib, yaxşı qiymətə xaricə satmışam. Düzdür, bir az göndərmək çətin olub, amma hər halda qazanc əldə etmişəm. Sonra “İllüziya” adlı fokusum var idi. Onun mən çertyojunu satmışdım. İdeyamı da satmışam. Xaricdə dilerlər var, xüsusilə bu işlərlə məşğuldurlar. Onların fokusunu heç kim düzəldib, sata bilməz. Onların rəsmi saytları, işləri var. Qanunla məhkəməyə verə bilərlər. ABŞ-də, Almaniyada, Çində bu kimi işlər çox yayılıb”.

Избранный
10
4
nocomment.az

5Источники