RU

Direktor dəyişikliyi sırf inzibati qərar deyil, məktəb mədəniyyətinə və kollektiv ruhuna müdaxilədir

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı məktəbində kütləvi narazılıq olub. Bakının Xətai rayonunda yerləşən 147 saylı məktəb-liseydə müəllimlər kütləvi şəkildə dərsə girməyiblər. Narazılığa səbəb Sumqayıtda yerləşən 32 saylı məcburi köçkün məktəbinin direktorunun gözlənilmədən 147 saylı məktəbə direktor kimi təyin olunmasıdır. Məktəbin müəllimləri tərəfindən bildirilir ki, son 5 il ərzində direktor vəzifəsini icra edən (direktor əvəzi) Vüsalə xanımın rəhbərliyi dövründə məktəbin göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb. Müəllim kollektivi bu qəfil dəyişiklik qərarını ədalətsiz hesab edərək təyinatla bağlı narazılıqlarını bildiriblər. Nəticədə, onlar tədris prosesinə qatılmayıblar və dərslər bu səbəbdən boş keçib.Belə hallarda müəllim heyətinin etirazı nəzərə alınmalıdırmı?Direktor dəyişikliyi olunanda bununla bağlı qərarı kim verir və bu həmin təhsil ocağındakı iş təhsil mühitinə təsir edirmi?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, direktorların təyin olunması qərar qəbul edilərkən çox vaxt kollektivin rəyi və məktəbin daxili iqlimi yetərincə nəzərə alınmır: “Belə hallar əslində təhsil sistemində idarəetmə və şəffaflıq məsələlərinin nə qədər önəmli olduğunu bir daha gündəmə gətirir. Məktəb kollektivinin narazılığı təkcə emosional reaksiya deyil, eyni zamanda qərarvermə prosesində iştirak istəyinin göstəricisidir. Müəllimlər illərlə bir rəhbərlə işləyir, ortaq dəyərlər formalaşır, kollektivdə psixoloji və idarəetmə sabitliyi yaranır. Bu sabitliyin qəfil dəyişməsi təbii ki, gərginlik yaradır”.

Əmrah Həsənli

Əmrah Həsənli qeyd edib ki, müəllimlərin etirazını təbii hal kimi qiymətləndirmək lazımdır: “Direktorların təyin olunması Təhsil Nazirliyinin səlahiyyətindədir və çox zaman bu proses müəyyən müsahibə və seçim mexanizmlərinə əsaslanır. Lakin problem ondadır ki, qərar qəbul edilərkən çox vaxt kollektivin rəyi və məktəbin daxili iqlimi yetərincə nəzərə alınmır. Əslində, belə dəyişikliklərdən öncə məktəbin real vəziyyəti, rəhbərliyin nəticələri və kollektivin münasibəti təhlil olunmalıdır. Çünki məktəb təkcə inzibati bina deyil. Orada uzun illər formalaşmış pedaqoji mühit var və bu mühitin dağılması tədrisin keyfiyyətinə, motivasiyaya və münasibətlərə birbaşa təsir edir.

Müəllimlərin etirazını təbii hal kimi qiymətləndirmək lazımdır. Lakin bu etiraz tədrisin dayanması həddinə çatmamalıdır. Ən doğru yanaşma dialoq və qarşılıqlı hörmət müstəvisində məsələnin həllidir. Nazirlik tərəfindən təyinat veriləndə həm kollektivlə izahat işi aparılmalı, həm də yeni rəhbər məktəbin dəyərlərinə uyğun şəkildə təqdim olunmalıdır. Bu cür yanaşma həm idarəetmə prosesinə inamı qoruyar, həm də təhsil mühitində sabitliyi təmin edər.

Qısaca desəm, direktor dəyişikliyi sırf inzibati qərar deyil. Bu, məktəb mədəniyyətinə və kollektiv ruhuna bir müdaxilədir. Ona görə də hər belə qərar həm qanuni, həm də sosial baxımdan əsaslandırılmış formada həyata keçirilməlidir”.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
18
bizimyol.info

1Источники