RU

Azərbaycan digər ölkələrdən fərqli olaraq borcdan yox, resurslardan güc alan iqtisadiyyat qurub

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında çıxışı zamanı səsləndirdiyi fikirlər ölkənin iqtisadi siyasətinin əsas fəlsəfəsini bir daha nümayiş etdirdi. Prezident vurğuladı ki, “bizim iqtisadiyyat sağlam iqtisadiyyatdır, biz heç kimdən asılı deyilik”.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hazırda Azərbaycanın xarici borcu Ümumi Daxili Məhsulun (ÜDM) cəmi 6 faizindən bir qədər çoxdur və bu rəqəm beynəlxalq miqyasda rekord dərəcədə aşağı göstərici sayılır: “Müqayisə üçün: ABŞ-da bu nisbət 120%, Yaponiyada 250%, Türkiyədə təxminən 40%-dir. Digər tərəfdən, Prezidentin qeyd etdiyi kimi, Azərbaycanın valyuta ehtiyatları 80 milyard dolları ötüb və xarici borcdan 16 dəfə çoxdur. Əgər istənilərsə, ölkə bir neçə ay ərzində borcunu tam şəkildə bağlaya bilər. İqtisadi idarəetmə baxımından bu addım zəruri hesab edilmir, çünki məqsəd borcun sıfırlanması deyil, onun idarəolunan səviyyədə saxlanmasıdır”.

Akif Nəsirli

İqtisadçının fikrincə, ilk baxışda borcun tam ödənməsi “tam iqtisadi müstəqillik” kimi görünə bilər, ancaq iqtisadi məntiq bir qədər fərqlidir.

“Birincisi, xarici borc yalnız “asılılıq” vasitəsi deyil, eyni zamanda maliyyə alətidir. Azərbaycan bu borcu əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq institutlardan alır. Bu isə həm aşağı faizli və uzunmüddətli resurs əldə etmək, həm də beynəlxalq nəzarət və şəffaflıq mexanizmlərindən faydalanmaq imkanı yaradır.

İkincisi, tam borcsuz qalmaq ölkənin gələcəkdə maliyyə bazarlarına çıxış imkanlarını məhdudlaşdıra bilər. Dövlətin mütəmadi və vaxtında borc idarəetməsi onun kredit tarixçəsini və reytinqlərini möhkəmləndirir. Azərbaycan bu baxımdan “etibarlı borcalan ölkə” imicini qoruyur.

Üçüncüsü, valyuta ehtiyatlarından birdəfəlik istifadə edib borcu bağlamaq pul kütləsinə və inflyasiya balansına mənfi təsir göstərə bilər. Yəni dövlətin likvidlik imkanları azalar, maliyyə bazarlarında sabitlik risk altına düşərdi. Bu səbəbdən də borcun mərhələli şəkildə saxlanması daha optimal sayılır”-deyən Akif Nəsirli qeyd edib ki, xarici borcun az olması Azərbaycanın maliyyə suverenliyini gücləndirir, ölkə beynəlxalq kreditlər və şərtlər qarşısında məhdudiyyət hiss etmir, daxili sosial-iqtisadi qərarlarını müstəqil şəkildə qəbul edir, siyasi baxımdan təzyiq risklərini azaldır.

İqtisadçının fikrincə, prezidentin “iqtisadi müstəqillik siyasi müstəqilliyi də gücləndirir” fikri də, məhz bu kontekstdə dəyərləndirilməlidir: “Bugünkü geosiyasi şəraitdə enerji, nəqliyyat və maliyyə sabitliyinin bir-birinə inteqrasiya olunması Azərbaycanın qərarvermə azadlığını qoruyan əsas sütunlardan biridir”.

Akif Nəsirli vurğulayıb ki, dünya iqtisadiyyatında borcdan çox asılı ölkələr ciddi risklərlə üzləşir: “ABŞ və Avropa ölkələrinin borc yükü artıq ÜDM-i aşır, nəticədə fiskal azadlıqları məhduddur. Yaponiyada dövlət borcunun ÜDM-ə nisbəti 250%-i keçib, amma iqtisadi artım tempi aşağı qalır.

Azərbaycan əks model qurub: borcdan yox, resurslardan güc alan iqtisadiyyat. Bu model təkcə enerji sektoruna deyil, qeyri-neft sənayesinə, kənd təsərrüfatına və texnoloji investisiyalara da əsaslanır. Yəni Azərbaycanın xarici borcu ölkə üçün nə iqtisadi təhlükədir, nə də siyasi asılılıq amili. Əksinə, bu borc idarəetmə modeli maliyyə etibarlılığı, reytinq sabitliyi və beynəlxalq imic baxımından müsbət rol oynayır.

Hazırkı vəziyyətdə borcu sıfırlamaq iqtisadi məqsəd deyil. Borcu ağıllı şəkildə idarə etmək, valyuta ehtiyatlarını isə iqtisadi modernizasiya və gəlirli investisiya layihələrinə yönəltmək daha strateji yanaşmadır”.

İqtisadçı qeyd edib ki, Azərbaycanın iqtisadi müstəqilliyi yalnız enerji resurslarına deyil, ağıllı borc idarəetməsinə əsaslanan maliyyə siyasətinə söykənir, bu da ölkəni regionda sabitlik və iqtisadi suverenlik nümunəsinə çevirir.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
32
icma.az

1Источники