RU

12 Noyabr hər bir azərbaycanlının qəlbində hüquq, ədalət və vətənə sədaqət duyğularını yenidən oyadan müqəddəs bir gündür



Azərbaycan xalqının çoxəsrlik dövlətçilik yolu daim mübarizə, inkişaf və yeniləşmə mərhələləri ilə müşayiət olunub. Tarixin hər bir dönəmində xalqımız azadlıq, ədalət və milli suverenlik uğrunda mübarizəsini davam etdirmiş, bu yolda əldə etdiyi nailiyyətləri gələcək nəsillərə miras qoymuşdur. Bu uzun və keşməkeşli yolun ən parlaq mərhələlərindən biri isə müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edildiyi 12 noyabr 1995-ci il tarixidir.

Dövlət müstəqilliyimizin bərpa edilməsindən cəmi bir neçə il sonra qəbul olunmuş Konstitusiya, Azərbaycan xalqının öz taleyinə sahib çıxmasının, hüquqi və demokratik dövlət qurmaq əzminin parlaq ifadəsinə çevrildi. O, yalnız dövlətin ali hüquqi sənədi deyil, həm də cəmiyyətin mənəvi birliyini, milli ideallarını və vətəndaş məsuliyyətini özündə ehtiva edən dərin məzmunlu tarixi sənəddir.

Yeni Konstitusiyanın hazırlanması və qəbul edilməsi Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və rəhbərliyi sayəsində mümkün oldu. 1990-cı illərin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın qarşısında dövlət idarəçiliyinin hüquqi əsaslarını yaratmaq, sabit və mütərəqqi hüquqi sistem formalaşdırmaq kimi taleyüklü vəzifələr dayanırdı. Heydər Əliyev bu məsuliyyətli mərhələdə Konstitusiya Komissiyasının yaradılmasına təşəbbüs göstərərək, müstəqil dövlətin gələcək inkişaf modelinin hüquqi bünövrəsini müəyyənləşdirdi.

Ulu Öndərin rəhbərliyi ilə hazırlanan layihə dərin elmi-nəzəri təhlil, beynəlxalq təcrübə və milli dövlətçilik ənənələrinin vəhdəti əsasında formalaşdı. Nəticədə 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum vasitəsilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyası, ölkəmizin siyasi, iqtisadi və ictimai həyatında dönüş nöqtəsinə çevrildi.

Bu sənəd Azərbaycanın suverenliyini, xalqın iradəsini, insan hüquq və azadlıqlarının təminatını hüquqi cəhətdən təsbit edən əsas qanun kimi tariximizdə əbədi yer aldı. Konstitusiya insan hüquqlarının prioritetliyini, hakimiyyətin bölünməsi prinsipini, hüquqi dövlət və vətəndaş cəmiyyəti ideyalarını bərqərar etdi. Hər bir vətəndaşın qanun qarşısında bərabərliyi, mülkiyyətin toxunulmazlığı, söz və fikir azadlığı kimi dəyərlər Konstitusiyanın əsas sütunlarını təşkil edir.

Ulu Öndər Heydər Əliyev bu sənədin mahiyyətini belə ifadə etmişdi:

“Azərbaycan Respublikasının Konstitusiyası xalqımızın azad iradəsinin məhsuludur və müstəqil dövlətimizin inkişafının hüquqi təminatıdır.”

Konstitusiyanın qəbulundan sonra ölkədə demokratik islahatların dərinləşməsi, idarəetmənin hüquqi əsaslar üzərində qurulması, insan və vətəndaş hüquqlarının təmin olunması istiqamətində mühüm addımlar atıldı. Dövlət hakimiyyətinin üç qolu qanunverici, icraedici və məhkəmə hakimiyyəti Konstitusiyada müəyyən edilmiş səlahiyyət bölgüsü əsasında fəaliyyət göstərməyə başladı ki, bu da hüquqi dövlət quruculuğunun təməlini qoydu.

Azərbaycan Konstitusiyasının mühüm xüsusiyyətlərindən biri də onun milli-mənəvi dəyərlərlə ümumbəşəri prinsipləri harmonik şəkildə birləşdirməsidir. Burada xalqımızın dövlətçilik ənənələri, dil və mədəniyyətin qorunması, vətənə sədaqət və demokratik dəyərlər kimi ideyalar vəhdət təşkil edir.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Konstitusiyanın prinsiplərinə əsaslanan dövlət idarəçiliyi daha da təkmilləşdirilir, insan hüquqlarının müdafiəsi, sosial ədalət və qanunun aliliyi istiqamətində sistemli islahatlar həyata keçirilir. Məhz bu möhkəm hüquqi dayaqlar üzərində qurulan siyasət, Azərbaycanı regionun ən sabit və dinamik inkişaf edən dövlətlərindən birinə çevirmişdir.

Konstitusiya Günü təkcə bir hüquqi sənədin qəbul tarixi deyil, həm də xalqın müstəqillik iradəsinin, dövlətə və qanuna inamının, vətəndaş məsuliyyətinin bayramıdır. Bu gün biz Ulu Öndərin yaratdığı hüquqi dövlətin əsaslarını qorumaq və inkişaf etdirmək kimi böyük məsuliyyət daşıyırıq.

Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyası xalqın azad iradəsinin ifadəsi, müstəqil dövlətimizin mənəvi-siyasi sütunu və gələcək inkişafımızın təminatıdır.
12 Noyabr isə hər bir azərbaycanlının qəlbində hüquq, ədalət və vətənə sədaqət duyğularını yenidən oyadan müqəddəs bir gündür.

Azər ALLAHVERƏNOV,
Milli Məclisin deputatı
Избранный
30
1
newscenter.az

2Источники