RU

Zəfər paradında unudulmaz an: azyaşlıya Pakistan əsgərindən cavab – Hərbi salamın mənası və tarixi

Xəbər verdiyimiz kimi, Vətən müharibəsində qazanılmış Zəfərin beşinci ildönümü münasibətilə keçirilən təntənəli hərbi paradda qardaş Pakistan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edib.

Paraddakı ən emosional anlardan biri pakistanlı hərbçilərin keçidi zamanı yaşanıb: azyaşlı bir azərbaycanlı uşağın hərbi salamına cavab olaraq pakistanlı hərbçi addımını saxlayaraq eyni qaydada salam verib, uşağın əlini sıxaraq onunla görüşüb. Bu an qısa zamanda sosial şəbəkələrdə böyük rəğbət doğurub, dostluq və qardaşlığın rəmzinə çevrilib.

Bəs “hərbi salam” nədir və bu jestin arxasında hansı tarix dayanır?

Hərbi salam sadəcə bir jest deyil - bu, hərbçi şərəfinin, sədaqətin və qarşılıqlı hörmətin ifadəsidir. Dünyanın istənilən ordusunda hərbi salam verərkən əsgər qarşısındakı şəxsin şərəfini və vəzifəsini tanıdığını göstərir. Bu salam həm də döyüş meydanında və sülh zamanı intizamın qorunmasının vacib elementidir.

Hərbi salamın tarixi qədim Roma imperiyasına qədər uzanır. Tarixi mənbələrə görə, Roma əsgərləri başçılarına yaxınlaşarkən sağ əllərini yuxarı qaldırır, bu hərəkətlə silah daşımadıqlarını və sadiq olduqlarını göstərirdilər. Orta əsrlərdə zirehli cəngavərlər bir-birinə yaxınlaşanda dəbilqələrinin vizorlarını açmaq üçün sağ əllərini qaldırar, bununla kim olduqlarını göstərər və qarşı tərəfə etimad ifadə edərdilər. Bu hərəkət zamanla rəsmi salam forması aldı.

Müasir hərbi salam forması isə XVIII–XIX əsrlərdə Avropa ordularında formalaşdı və daha sonra bütün dünyada qəbul edildi. Hazırda bu salam müxtəlif ölkələrdə bir qədər fərqli formada icra olunsa da, mahiyyət eyni qalır - sədaqət, hörmət və nizam-intizam.

Azərbaycan Ordusunda da hərbi salam böyük mənəvi məna daşıyır. Əsgərin zabitə və ya komandirə salam verməsi təkcə nizamnamə tələbi deyil, həm də orduda birliyin və qarşılıqlı etimadın göstəricisidir. Hərbi salam həm rəsmi tədbirlərdə, həm də döyüş şəraitində verilə bilər - bu zaman hər bir hərəkət simvolik məna daşıyır.

Zəfər paradında pakistanlı hərbçinin azərbaycanlı uşağın salamına eyni hərəkətlə cavab verməsi isə təkcə bir jest deyildi. Bu, iki qardaş ölkənin orduları arasında sarsılmaz dostluğun, ortaq dəyərlərin və qarşılıqlı hörmətin rəmzi idi. O an təkcə hərbi intizamın deyil, həm də qardaşlıq ruhunun təcəssümünə çevrildi.

Hərbi salam əsrlərdir dəyişməz qalan bir ənənədir. Bu ənənə zamanın, texnologiyanın və silahların dəyişməsindən asılı olmayaraq, hərbçinin şərəfini qorumaq, sədaqətini bildirmək və hörmətini ifadə etmək missiyasını daşıyır. Azərbaycanın və Pakistanın ortaq hərbi mərasimlərində səslənən salamlar da bu ortaq ruhun və əbədi qardaşlığın göstəricisidir.

Şahanə Rəhimli
Musavat.com

Избранный
25
musavat.com

1Источники