RU

"Futbol taleyi bizi Avropa və Asiyaya ayırsa da..." - Arif Əsədov Özbəkistan mətbuatına danışdı

Azərbaycan millisinin sabiq müdafiəçisi, SSRİ-nin U-17 yığması ilə dünya, U-19 seçməsi ilə Avropa çempionu tituluna yiyələnmiş Arif Əsədov Özbəkistan mətbuatına müsahibə verib. O, hazırda OKMK-nin baş məşqçisi olan Mirjalol Kosimovla titullar qazanmasından, yaxın dostluq əlaqələrindən, eləcə də Azərbaycan və Özbəkistanın birgə təşkilatçılığı ilə gələn il baş tutacaq U-20 dünya çempionatından danışıb.

Fanat.Az tanınmış mütəxəssisin "championat.asia" portalına müsahibəsini təqdim edir.

- Siz Mirjalol Kosimovla SSRİ yığmasının heyətində gənclər arasında dünya çempionatında oynamısınız. O vaxtları necə xatırlayırsınız?
- Hər şeydən öncə sizə diqqətinizə görə təşəkkür edirəm. Fürsətdən istifadə edərək yalnız uzun müddət bir yerdə oynadığım əziz dostuma yox, bütün qardaş Özbəkistan xalqına səmimi salamlarımı çatdırıram. Bizim Mirjalol Kasimovla yollarımız gənclər millisindən çox əvvəl kəsişib. Sovetlər dönəmində ölkələrimizin gənclər millilərinin kapitanları qismində  meydanda rəqib olmuşuq. Həmin yarışlarda SSRİ yığmasına öz yaş qrupları üzrə ən istedadlı oyunçular seçilirdi. Rəqabət inanılmaz, demək olar ki, dözülməz idi. Biz Mirjalolla futbola, oyunçulara böyük diqqət ayıran RSFSR (Rusiya Sovet Federativ Sosialist Respublikası), Moskva, Leninqrad və ya Ukrayna millilərini təmsil etmirdik. Onlar həmişə diqqət mərkəzindəydilərsə, biz öz respublikalarımızın idman şərəfini qoruyurduq. Bizə vaxtında inanan, ümidləri doğrultmağa sövq edən məşqçilərimizə minnətdarlığımı bildirmək istəyirəm. Öncə seçimlərdən keçərək 1987-ci ildə baş tutan gənclər arasında Avropa çempionatında gümüş medal qazandıq, ardından isə elə həmin ildə Kanadada keçiriləm U-17 dünya çempionatında çempionluq sevinci yaşadıq. Bir il sonra isə SSRİ-nin U-19 yığması ilə Avropa çempionu olduq. Bu uğurlardan sonra U-20 yığması ilə Çexoslovakiyada keçirilən Avropa çempionatının finalında Portuqaliyanı yendik. Mirjalol kapitan idi, biz isə əsas heyət üzvləri. Unudulmaz günlər yaşadıq. Avropa və dünya səviyyəli qələbələr, futbolun əfsanəsi Pele ilə görüş yaddaşımda xüsusi iz buraxıb. Həmin vaxt gənc oyunçular üçün bütün bunlar inanılmaz hadisələr idi. Biz nəinki böyüdük və ən yaxşı oyunçulara çevrildik, həm də şəxsiyyət olaraq, formalaşdıq. Mirjalol Kasimov ölkəsini şöhrətləndirdi. Keçmiş SSRİ yığmasının kapitanı olmaq çox şeydən xəbər verir. Mən Mirjalolu Özbəkistan futbolunun canlı əfsanələrindən biri sayıram.

- Siz futbolçu Kasimovu necə xatırlayırsınız? Eşitmişəm ki, o, sizin evinizdə də olub və nənənizin hazırladığı milli yeməyinizin də dadına baxıb.
- Mirjalol yalnız texnikalı və ağıllı oyunçu deyil, həm də komandanı ilhamlandıran, qələbəyə kökləyərək ardınca aparmağı bacaran əsl kapitan idi. O, həmişə qol vururdu. Kasimovun həllledici qolları çempion olmağımızda böyük rol oynadı. Mən müdafiəçi olsam da, ondan nümunə götürür, hücumlara qoşulub qollar vururdum. O, həm də əsl dost idi. Biz ilk görüşdən dostlaşdıq. Toplanış və çempionatlarda eyni otaqda qalırdıq. O vaxt gənc uşaqlar idik, yalnız futbol haqda düşünürdük. İndi başa düşürəm ki, bu yalnız şəxsi münasibət deyildi, biz qardaş xalqları təmsil edirdik və bu məqam bizim əlaqələrimizi daha da gücləndirir. Ölkələrimiz müstəqillik qazanandan sonra hər şeyi daha dərindən anlayır, yaşadıqlarımızla, qarşılıqlı inamımızla qürur duyuruq.

Bildiyiniz kimi, biz "Alaniya"da birlikdə oynamışıq. Bizim milli yeməklərimiz də oxşardır. Ailələrimiz də dostlaşıblar. Mən də onların evində olmuşam. Ailələrimiz bir-birini doğmalar kimi qəbul etdi. Az öncə azərbaycanlı veteranlar Daşkəndə yollanaraq yoldaşlıq görüşü keçirdilər. Sonra yenə dostumun evində oldum. Elə mən də onun kimi, Özbəkistan mətbəxinin ləziz təamlarından daddım. Mirjalolla dostluğumuz indiyədək davam edir.  

- 2027-ci ildə 20 yaşadək futbolçular arasında dünya çempionatı Azərbaycan və Özbəkistanda keçiriləcək. Bu haqda nə düşünürsünüz?
- Biz Mirjalol Kasimovla yüksək səviyyədə çıxış etmişik. Bu, dünya səviyyəli turnirdir. Sevindirici haldır ki, bizim ölkələrimizə belə çempionatın keçirilməsini etibar ediblər. Bu seçim bizim xalqlarımızın, dövlətlərimizin yaxınlığını və qardaşlığını bir daha təsdiqləyir. Azərbaycan prezidenti İlham Əliyevlə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin dostluğunun əlaqələrin formalaşmasında xüsusi rol oynadığını da vurğulamalıyıq. İki dövlətin liderlərinin futbola və idmana verdikləri önəm FİFA-nın belə bir qərar qəbul etməsinə yol açdı. Futbol taleyi bizi Avropa və Asiyaya ayırsa da, bu, ölkələrimizin futbol infrastrukturunu və gənc oyunçularını inkişaf etdirmək baxımından əla fürsətdir. Əminəm ki, hər iki tərəf sıx əməkdaşlıq fonunda dünya çempionatını yüksək səviyyədə keçirmək üçün hər şey edəcəklər. Azərbaycanın artıq belə yarışları keçirmək təcrübəsi var. Son 10-15 ildə biz U-17 dünya çempionatına və qadınlar arasında dünya çempionatına ev sahibliyi etmişik. U-20 dünya çempionatı isə böyük futbola keçid anlamında son tramplindir. Maradonanın özü də belə turnirdə iştirak edib. Özümüz oynadığımız dönəmdə bizə qarşı nigeriyalı Okoça, italiyalı Pesotti, portuqaliyalılar - Joau Pintu və Fernandu Koutinyu, türk Tuqay və başqa oyunçular mübarizə aparmışdılar ki, sonradan da hər birini dünya tanıdı. Əminəm ki, DÇ-2027 də gələcəyin ulduzlarının oynadığı turnir olacaq. Onların aralarında Özbəkistan və Azərbaycandan olan istedadları da görmək istəyərdim.

- Bu mundialda siz və Mirjalol Kasimov həlledici fiqurlar ola bilərsiniz? Birlikdə U-20 dünya çempionatında çıxış etmisiniz və indi ölkələriniz sözügedən turniri birlikdə keçirməyə hazırlaşırlar.
- Erkən gənclik illərində biz xalqlarımızı layiqli şəkildə təmsil edərək çempion olmuşuq. Bu, indiki nəsil üçün nümunədir. Çox işləməli və yüksək hədəflərə köklənməliyik. Bu gün turniri keçirəcək iki qardaş ölkənin təmsilçiləri kimi təcrübəmizi bölüşməyə hazırıq. Əminəm ki, Mirjalol Kasimov da belə hesab edir. Bütün hallarda, təşkilatçıların və cavabdeh şəxslərin seçimlərinə hörmətlə yanaşırıq. Əsas odur ki, hər iki ölkə turniri yüksək səviyyədə keçirsinlər, Azərbaycan və Özbəkistan milliləri isə layiqli çıxışla yadda qalsınlar.  

- Özbəkistan millisi tarixində ilk dəfə dünya çempionatında iştirak hüququ qazanıb. Əlbəttə, Azərbaycan rəqiblərin daha güclü olduğu Avropa zonasında mübarizə aparır. Bəs sizcə, yığmanız nə vaxt dünya çempionatına vəsiqə qazana biləcək?
- Doğrudan da, Avropada seçmə mərhələlər çətin keçir. Rəqabət inanılmazdır. Hərçənd bu fakt Özbəkistanın uğuruna kölgə sala bilməz. Qardaş ölkənin uğuru tarixi və böyük nəticədir. Daha bir pozitiv məqam isə Özbəkistanda perspektivli və istedadlı nəslin yetişməsidir. Biz sizin yığmanızı dəstəkləyirik. Nə qədər çətin olsa da, ümid edirəm ki, bizim də yığmamız belə uğura imza atacaq. U-20 dünya çempionatı bu hədəf istiqamətində bir stimul olmalıdır. 

Tərcümə: Fanat.Az
 

Избранный
16
fanat.az

1Источники