RU

Hakan Fidanın Ağ Ev triumfu

Bu həftənin ən önəmli hadisələrindən biri də Türkiyənin beynəlxalq aktor kimi Suriya prezidenti Əhməd əl-Şaraanın Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşünün bir hissəsinə qatılması oldu.

Açıq-aşkar görünür ki, Türkiyə xarici işlər naziri Hakan Fidanın Suriya prezidenti ilə eyni vaxtda Vaşinqtona səfər etməsi Tramp administrasiyasının Yaxın Şərq və Rusiya-Ukrayna savaşı kimi məsələlərdə müttəfiq kimi Ankaraya güvəndiyini göstərir.

Hərçənd Hakan Fidan bu səfərin təsadüfən üst-üstə düşdüyünü, “ABŞ tərəfinin dəvəti ilə bu səfər öncədən planlaşdırılıb” desə də, Ağ Evin heç nəyi təsadüfən planlaşdırmadığını hər kəs anlayır.

Bu o deməkdir ki, Amerika isteblişmenti Türkiyənin gücünü yaxşı başa düşür. “Görüşün bir yerində bizi də dəvət etdilər. Mən də orada yer aldım. Orada özəlliklə cümhurbaşkanımız Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Trampa salamlarını və xoş arzularını çatdırdım. Sonra Suriya ilə bağlı Türkiyənin ümumi baxışını, Amerika ilə olan işbirliyi fürsətlərini, Suriyanın inkişafının, birliyinin, bərabərliyinin, sabitliyinin və bölgə təhlükəsizliyi ilə bağlı mövzuları müzakirə etmək imkanımız oldu”, – deyə Hakan Fidan görüşdən sonra TRT telekanalına və “Anadolu ajansı”na vurğulayıb.

Ağ Evdə dövlət katibi Marko Rubio, Trampın xüsusi elçisi Stiv Uitkoff, ABŞ-nin Türkiyədəki səfiri Tom Barakın və Hakan Fidanın keçirdiyi toplantıya vitse-prezident Cey Di Vensin qatılması və həmin toplantıda müzakirə olunan müxtəlif məsələlərlə bağlı Türkiyənin mövqeyinin ortaya qoyulması da Ankaranın xarici siyasətinin növbəti uğurlarından biridir, desək, yəqin ki, yanılmarıq.

Suriyanın ərazi bütövlüyünün qorunub saxlanması ilə bağlı mövqeyindən geri çəkilməyən Ankara Ağ Evin diqqətini həmin ölkənin cənub və şimalındakı problemlərə cəlb edə bilib.

“Ölkənin bütöv olması, hər kəsin can və mal varlığının qorunması, çeşidli etnik, dini qrupların bu nöqtədə hər hansı basqı altında olmaması fövqəladə önəmlidir. Bu qızıl ortanı bulmaq üçün böyük səylər var. Eyni zamanda kimsə təhdid olmaması gərəkdir. Bu yöndə ciddi danışıqlar oldu”, – Hakan Fidan söyləyib.

Hakan Fidanın sözlərinə görə, əgər Suriyanın cənubunda və şimalında problemlər həllini tapmasa, ölkənin ərazi bütövlüyü məsələsi ilə bağlı sıxıntının ortaya çıxmaq ehtimalı var. “Ölkə get-gedə parçalanma ilə qarşı-qarşıya qala bilir. Bunu amerikalıların anlaya bilməsi önəmlidir. Anladıqlarını da görürəm”, – deyə nazir əlavə edib.

Trampın ən yaxın adamlarından biri hesab olunan Stiv Uitkoffla Fələstin məsələsi, Rusiya-Ukrayna müharibəsi və İranın nüvə məsələsini Hakan Fidanla müzakirə etməsi isə Amerikanın məhz Türkiyə ilə bu məsələlərin həllində birlikdə addımlar atmaq istəyindən xəbər verir.

Elə Trampın suriyalı həmkarı ilə görüşü zamanı “Biz Suriyanın uğurlu olması üçün əlimizdən gələni edəcəyik, çünki o, Yaxın Şərqin bir hissəsidir. Hazırda Yaxın Şərqdə sülh var” deməsi də ABŞ-nin bu istiqamətdə ciddi olduğunu nümayiş etdirən məqamdır.

Xatirə SADİQ

Избранный
49
nocomment.az

1Источники