ain.az, Olke.az portalına istinadən məlumat verir.
“Müasir dünyada iqtisadçılar və texnoloqlar arasında “pulun gələcəyi” ilə bağlı müzakirələr getdikcə daha da intensiv xarakter alır. XX əsrin ortalarında pulun dəyəri fiziki qızıl ehtiyatlarına bağlı idisə, artıq yarım əsrdən çoxdur ki, bu bağlılıq tamamilə aradan qalxıb. 1971-ci ildə ABŞ dollarının qızıla çevrilmə mexanizminin ləğvindən sonra qlobal maliyyə sistemi etibarsız bir “etibar valyutası” dövrünə qədəm qoydu.
Bu gün dünya iqtisadiyyatında milli valyutalar dollar və avroya nisbətdə qiymətləndirilir. Lakin bu valyutaların özləri də real maddi dayaqlardan məhrumdur. Bu vəziyyət iqtisadi sistemin əsasında duran inam mexanizminin sarsılmasına və “pulun həqiqi dəyəri nədir?” sualının yenidən aktuallaşmasına səbəb olur”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Deputat bildirib ki, qlobal səviyyədə getdikcə daha çox səslənən bir fikir var: gələcəyin pul vahidi “enerji” ola bilər. “Yəni yeni dövrdə sərvətin ölçüsü qızıl, neft və ya valyuta ehtiyatları ilə deyil, istehsal və istehlak edilən elektrik enerjisi ilə müəyyən ediləcək. Bu konsepsiya çərçivəsində “WATT” (elektrik gücü) yeni pul vahidi kimi nəzərdən keçirilir.
Bu yanaşmaya görə, kim daha çox enerji istehsal edir və onu daha səmərəli istifadə edə bilirsə, həmin ölkə və ya fərd iqtisadi gücə sahib olacaq. Gələcəyin iqtisadiyyatında enerji resursları yalnız sənaye və nəqliyyat üçün deyil, həm də rəqəmsal iqtisadiyyat və Süni İntellekt üçün “valyuta” funksiyasını daşıyacaq”, - o vurğulayıb.
Deputat hesab edir ki, süni İntellekt dövrünün “oksigeni” enerjidir:
“Yeni iqtisadi nizamın formalaşmasında süni intellektin rolu təkcə texnoloji deyil, həm də strateji xarakter daşıyacaq. Süni intellekt sistemlərinin işləməsi, öyrənməsi və qərar qəbul etməsi üçün ən vacib amil enerjidir.
Bu mənada enerjiyə nəzarət gələcəyin maliyyə və geosiyasi üstünlüyü anlamına gələcək.
Əgər XX əsr “neft əsri” idisə, XXI əsr “enerji əsri” olacaq. Artıq pulun arxasında duran əsas dəyər- enerji istehsal etmək bacarığı və onun sabit təminatı olacaq.
Bu kontekstdə Azərbaycanın həyata keçirdiyi yaşıl enerji siyasəti strateji baxımdan çox uzaqgörən addımdır.
Azərbaycan artıq bir neçə ildir ki, alternativ enerji mənbələrinə-günəş, külək və su enerjisinə böyük həcmdə investisiyalar cəlb edir. Bu, təkcə ekoloji məqsədlərlə deyil, həm də gələcəyin iqtisadi sisteminə adaptasiya baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “yaşıl keçid” strategiyası, Azərbaycanın həm enerji ixracatçısı, həm də enerji təhlükəsizliyinin təminatçısı kimi rolunu daha da gücləndirir.
Azərbaycan bu keçidlə həm Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş statusunu möhkəmləndirir, həm də Avrasiya coğrafiyasında alternativ enerjinin paylanma xəritəsini formalaşdıran aktora çevrilir”.
Deputat əlavə edib ki, Azərbaycan “yaşıl dəhliz” və “orta güc” konsepsiyası məhz bu hədəflərə xidmət edir:
“Orta Dəhliz üzərindən formalaşan yeni nəqliyyat və logistika xətləri yalnız ticarət və daşımalar üçün deyil, həm də enerji inteqrasiyası üçün çoxfunksiyalı platforma yaradır.
Azərbaycan bu dəhlizi “yaşıl dəhliz”ə çevirməklə həm regional enerji dövriyyəsini, həm də rəqəmsal və süni intellekt texnologiyalarının enerji təminatını təmin edən “orta güc” rolunda çıxış etməsində geniş imkanlar açacaq.
Beləliklə, Azərbaycanın bugünkü “yaşıl enerji” siyasəti təkcə iqlim hədəflərinə deyil, həm də gələcəyin enerji valyutası əsasında qurulan iqtisadi nizamına strateji hazırlıq kimi dəyərləndirilə bilər.
Dünya iqtisadiyyatı yeni mərhələyə - enerjiyə əsaslanan pul sisteminə doğru addımlayır.
Bu yeni sistemdə iqtisadi gücün meyarı kapital və ya qızıl ehtiyatları deyil, enerji istehsal gücü və enerji səmərəliliyi olacaq.
Azərbaycan isə bu qlobal dəyişimin astanasında “yaşıl enerji” sahəsində atdığı addımlarla gələcəyin iqtisadi modelinə hazır olan ölkələrdən biridir”.
Mürtəza
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.