“Maklaren” pilotu Oskar Piastrinin meneceri Mark Uebber, Braziliya Qran-prisindəki uğursuz çıxışdan sonra yetirməsinə necə kömək etməyi planlaşdırdığını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, “Channel 4” Uebberin dediklərini belə çatdırıb.
“Biz ona formaya qayıtmaqda kömək edəcəyik. Onun motivasiya problemi olduğunu düşünmürəm. Son yarışlar çətin keçdi, amma indi əsas məsələ xarakter göstərmək və yenidən motivasiya tapmaqdır. Bu, onun Formula 1-də üçüncü mövsümüdür və irəliləmək üçün güc tapmalıdır”
Avstraliyalı mütəxəssis əlavə edib ki, bu mərhələ Piastrinin karyerasında vacib sınaqdır:
“Karyerasının bu qədər erkən mərhələsində titul uğrunda mübarizə aparması heyrətamizdir. Formula 1-də üçüncü mövsümdə belə vəziyyətdə olmaq nadir haldır – ağla yalnız Lyuis (Hemilton) gəlir. Vacib olan onu düzgün yönləndirmək və əlavə təzyiq yaratmamaqdır. Mən çempionluq uğrunda mübarizə aparanda artıq təcrübəli idim, o isə hələ başlanğıcda. O, çalışqan və doğru yolda olan gəncdir. Bu, onun karyerasının başlanğıcıdır.”
Hazırda Piastri ümumi pilotlar sıralamasında komanda yoldaşı Lando Norrisdən 24 xal geri qalır.