RU

Serdar Ünsal: “Metsamor” AES bütün bölgəni təhdid edən “saat bomba”sıdır

ain.az, Azertag portalına istinadən məlumat yayır.

İğdır, 11 noyabr, AZƏRTAC

Türkiyənin şərqində yerləşən və təxminən 200 min əhalisi olan İğdır əyalətində hər il onkoloji xəstəliklərdən orta hesabla 400 nəfər ölür, xərçəngdən müalicə alanların sayı isə daha çoxdur. Üstəlik, xərçəng yalnız yaşlı insanlarda deyil, həm də gənclərdə aşkar olunur. Əminəm ki, bu yüksək rəqəmlər həm də Türkiyə sərhədi yaxınlığında yerləşən Metsamor Atom Elektrik Stansiyası ilə bağlıdır.

Bu barədə AZƏRTAC-a müsahibəsində Türkiyə-Azərbaycan Dostluq Cəmiyyətləri Federasiyası (TADDEF) sədrinin müavini Serdar Ünsal bildirib.

O qeyd edib ki, Şərqi Anadolu əyalətlərində xərçəng xəstəliyinin daha geniş yayılması ötən əsrin 90-cı illərdən sonra başlayıb.

S.Ünsal 1988-ci ildə Ermənistanda baş verən zəlzələni və sonradan “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılmasını xatırladıb.

Onun sözlərinə görə, rəsmi statistikaya əsasən, 1990-cı illərdə İğdırda ildə 15-20-dən çox xərçəng hadisəsi qeydə alınmayıb, 2000-ci illərdə isə göstərici orta hesabla 30-40-a çatıb. 2010-cu ildən sonra isə bu rəqəm kəskin şəkildə artıb.

“İş o yerə çatıb ki, İğdır sakinlərinin böyük hissəsinin xərçəng xəstəsi olan qohumları var. Bütün bunlar təbii ki, əhalinin qəzəbinə səbəb olur”, - deyə TADDEF-in sədr müavini əlavə edib. O bildirib ki, Ermənistanın köhnəlmiş atom elektrik stansiyasının fəaliyyəti təkcə sərhəd İğdır şəhərinin sakinləri üçün deyil, həm də Qars, Ərdəhan, Ağra, Ərzurum və digər Türkiyə vilayətlərinin sakinləri, eləcə də regiondakı bütün ölkələr üçün təhlükə yaradır.

Hələ 2004-cü ildə Qars bələdiyyəsinin keçmiş rəhbəri Naif Alibeyoğlu Ermənistanda atom elektrik stansiyasının bağlanması tələbi ilə imza kampaniyası təşkil etmişdi.

“O, topladığı 50 min imza ilə Nyu-Yorka yola düşdü, orada Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinin merləri ilə birlikdə nüvə təhlükəsinin qarşısının alınması üzrə keçirilən yürüşdə iştirak etdi”, - deyə S.Ünsal xatırladıb. Sədr müavini Ermənistanda atom elektrik stansiyasının mövcudluğunu bütün region üçün “saat bomba” adlandırıb.

TADDEF-in sədr müavini, həmçinin “Metsamor” AES üçün daha bir güclü zəlzələnin nəticələrini proqnozlaşdırmağın mümkün olmadığını vurğulayıb və stansiyanı dərhal bağlamağa çağırış edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

İğdır

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
1
azertag.az

2Источники