London, 11 noyabr, AZƏRTAC
Azərbaycanın Zəfər Günü münasibətilə Londonda “Zəfər Salnaməsi” adlı möhtəşəm tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Britaniya Azərbaycanlıları Assosiasiyasının (BAA) təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Diaspor fəalı və “Bülbül Azərbaycan dili” kitabının müəllifi Emiliya Cəbrayılova açılış çıxışında bu tədbirin yalnız tarixi bir anı xatırlamaq deyil, həmçinin xalqımızın qürur, qəhrəmanlıq və birliyini təntənə ilə qeyd etmək məqsədi daşıdığını bildirib.
Tədbirdə Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Hafiz Baxşəliyev, Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov, Türkiyənin bu ölkədəki səfiri Koray Ertaş, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ləman Əliyeva çıxış edərək, xalqımızın əzmkarlığı, həmrəyliyi və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyi nəticəsində Vətən müharibəsində tarixi Qələbənin qazanıldığı vurğulanıb.
Bədii hissədə tanınmış ifaçılar Rasim Fərziyev və ansamblı, Emiliya Yaqubova, Fərhad Amiri Azərbaycan xalq və bəstəkar mahnılarını ifa ediblər.
Tədbir çərçivəsində, həmçinin, Eldar Əzizovun müəllifliyi ilə hazırlanan “The History of the Patriotic War: Personality Factor” (“Vətən müharibəsinin tarixi: Şəxsiyyət faktoru”) adlı kitabın təqdimatı keçirilib. Nəşrdə 44 günlük Vətən müharibəsinin xronikası, şəhidlərin qəhrəmanlığı və Qələbənin siyasi-hərbi aspektləri geniş şəkildə işıqlandırılıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London