Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Kəpəz”in malili mərkəz yarımmüdafiəçisi Mahamadu Ba əməliyyat olunub.
Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, “Sabah”la oyunda zədələnən futbolçu çiynindən əməliyyat keçirib. Müayinələr nəticəsində 26 yaşlı yarımmüdafiəçimizin çiynində iki bağın qırıldığı müəyyən edilib. Əməliyyat uğurla başa çatıb. Banın 2-3 həftə ərzində məşqlərə başlaması gözlənilir.
Xatırladaq ki, Mahamadu Ba 2024-cü ilin oktyabr ayından “Kəpəz”də forma geyinir. 26 yaşlı futbolçunun Gəncə klubu ilə 2027-ci ilin 30 iyununadək müqaviləsi mövcuddur. O, “Kəpəz”in heyətində indiyə qədər 37 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Ba “Kəpəz”dən öncəki karyerası ərzində yalnız Türkiyə klublarında forma geyinib. O, peşəkar karyerasına “Ərzurumspor”da başlayıb. Daha sonra “Bandırmaspor” və “Menemenspor”da da oynamış yarımmüdafiəçi 2022-ci ildə “Adana Dəmirspor”a cəlb olunub. Amma o, Super Liqa təmsilçisində əsas heyətə düşə bilmədiyi üçün “İstanbulspor”a və “Tuzlaspor”a icarəyə verilib.


