RU

Suriya İŞİD-ə qarşı koalisiyaya qoşulub

AP: Dəməşq 89 ölkədən ibarət qlobal koalisiyaya daxil olub, lakin “Inherent Resolve” əməliyyatına qoşulmur...

Suriya terror təşkilatı “İslam Dövləti”nə (İŞİD) qarşı yaradılmış beynəlxalq koalisiyaya rəsmən qoşulub, lakin ABŞ komandanlığı altında keçirilən hərbi əməliyyatlarda iştirak etməyəcək.

Poliqon xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyinə müsahibəsində Suriyanın informasiya naziri Hamza Mustafa məlumat verib.

Nazirin sözlərinə görə, Suriya qoşulduğu koalisiyanı “siyasi və diplomatik platforma” kimi görür və onu ABŞ rəhbərliyindəki “Inherent Resolve” adlı antiterror hərbi əməliyyatı ilə eyniləşdirmək düzgün olmaz. Mustafa bildirib ki, prezident Donald Tramp ilə keçici dövr üçün təyin olunmuş Suriya prezidenti Əhməd əş-Şaraa arasında keçirilən görüşdə Dəməşqin 89 ölkədən ibarət koalisiyaya qoşulması barədə qərar elan olunub, lakin bu barədə yazılı müqavilə imzalanmayıb.

Nazir əlavə edib ki, SuriyaABŞ arasında müəyyən səviyyədə koordinasiya mövcuddur və bu, bəzən İŞİD-ə qarşı əməliyyatlarla bağlı məlumat mübadiləsini də əhatə edir. Bununla belə, Dəməşq “Inherent Resolve” missiyasının birbaşa iştirakçısı deyil və ABŞ rəhbərliyi altında keçirilən əməliyyatlara qoşulmaq niyyətində də deyil.

“Associated Press”in məlumatına görə, ABŞ administrasiyasından adının açıqlanmasını istəməyən bir rəsmisi Tramp və əş-Şaraa arasında Vaşinqtonda keçirilən görüş zamanı Suriya tərəfinin koalisiyaya qoşulmaq barədə rəsmi bəyanat verdiyini təsdiqləyib.

Xatırladaq ki, noyabrın 11-də Əhməd əş-Şaraa ölkənin “yeni bir mərhələyə” daxil olduğunu bildirmiş və ABŞ-la birgə inkişaf strategiyası qurmaq niyyətində olduqlarını açıqlamışdı. Onun sözlərinə görə, Suriya bundan sonra beynəlxalq təhlükəsizlik və iqtisadi əməkdaşlıq çərçivəsində Qərb dövlətləri ilə daha yaxın əməkdaşlıq etməyə çalışacaq.

Ekspertlər bu addımı Dəməşqin Qərbə doğru atdığı mühüm diplomatik jest kimi qiymətləndirir və onun regionda yeni siyasi reallıqlar fonunda “təcriddən çıxış cəhdi” olduğunu vurğulayırlar.

Poliqon.info

Избранный
59
50
poliqon.info

10Источники