Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.
Hazırda əmək bazarında dinamika kifayət qədər sürətlidir və işəgötürənlərin tələbləri iqtisadiyyatın inkişaf istiqamətləri ilə paralel olaraq dəyişir.
Son aylarda ən çox vakansiya elan edilən sahələr əsasən İT, logistika, satış–marketinq, maliyyə və xidmət sektoru üzrə cəmləşir.
Bu tendensiya əmək bazarının hansı bacarıqlara daha çox ehtiyac duyduğunu və gələcəkdə hansı istiqamətlərin perspektivli olacağını göstərir.
Hazırda ən çox vakansiya elan edilən sahələrin artım səbəbləri nə ilə bağlıdır və bu tendensiya əmək bazarının gələcək strukturuna necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, bu gün universitetlər və ümumilikdə təhsil müəssisələri əmək bazarının tələblərini nəzərə alaraq öz inkişaf strategiyalarını bu əsasda qurmalıdırlar:
“Hazırda əmək bazarında ciddi proseslərin getdiyi müşahidə olunur və qarşıdakı dövrdə də bu istiqamətdə köklü dəyişikliklərin davam edəcəyi gözlənilir. Prosesin müəyyən istiqamətlər üzrə inkişaf etdiyi artıq aydındır. Belə ki, xüsusilə İT, logistika, satış və marketinq, SMM və digər sahələr üzrə mütəxəssislərə artan ehtiyac açıq şəkildə görünür.
Bu səbəbdən, bu gün universitetlər və ümumilikdə təhsil müəssisələri əmək bazarının tələblərini nəzərə alaraq öz inkişaf strategiyalarını bu əsasda qurmalıdırlar. Əks halda, gələcəkdə ali təhsil müəssisələrinin ciddi çağırışlarla üzləşə biləcəyi istisna edilmir. Məhz buna görə ixtisasların müəyyənləşdirilməsi, qəbul planlarının azaldılması və ya artırılması prosesi əmək bazarının real ehtiyaclarına uyğun şəkildə həyata keçirilməlidir”.
Deputatın fikrincə, əgər hər hansı sahədə mütəxəssisə tələbat qalmayıbsa, həmin istiqamətdə kadr hazırlığını davam etdirməyə ehtiyac yoxdur:
“Məsələnin əsas mahiyyəti də məhz bundan ibarətdir. Bu reallıq nəzərə alınmalı və universitetlər öz işlərini əmək bazarının tələblərinə uyğun qurmalıdırlar. Əgər bu istiqamətdə addım atılmasa, ali təhsil müəssisələri yaxın gələcəkdə çətin vəziyyətlə üz-üzə qala bilərlər”.
Gülxanım Əliyeva
Gununsesi.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.