RU

Nigar Arpadarai: Bakıdan Belemə iqlim yol xəritəsi COP-lar arasında körpü rolunu oynayır

Bakı, 12 noyabr, AZƏRTAC

Azərbaycan nümayəndə heyəti hazırda Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasında (COP30) iştirak edir. Artıq bir neçə gündür ki, konfrans çərçivəsində müxtəlif tematik tədbirlər keçirilir.

Milli Məclisin deputatı, COP29-un iqlim dəyişmələri üzrə yüksəkəviyyəli çempionu Nigar Arpadarai AZƏRTAC-a müsahibəsində bildirib ki, COP prosesində iqlim dəyişmələri üzrə yüksəksəviyyəli çempionun əsas rolu qeyri-dövlət aktorlarının — xüsusən də özəl sektorun və vətəndaş cəmiyyəti nümayəndələrinin — iqlim gündəminə fəal şəkildə cəlb olunmasını təmin etməkdir.

“Bu məqsədlə biz COP30-a qədər olan dövrdə bir sıra şəhərlərdə keçirilən tədbirlərdə iştirak etdik. San-Paulu və Rio-de-Janeyroda qeyri-hökumət təşkilatlarının iştirakı ilə mühüm görüşlər baş tutdu. San-Paulu bələdiyyəsinin təşkil etdiyi Dayanıqlı İnnovasiya Forumu və “Bloomberg” filantrop təşkilatının keçirdiyi Biznes Forumu bu baxımdan xüsusilə əhəmiyyətli idi. Hər iki tədbirdə yaşıl iqtisadiyyata keçid, dayanıqlı inkişaf və COP29-dan COP30-a keçid məsələləri müzakirə olundu”, – deyə Nigar Arpadarai vurğulayıb.

Deputat qeyd edib ki, hazırda Azərbaycan nümayəndə heyəti COP30-un rəsmi açılış mərasimindən sonra da Belem şəhərində fəaliyyətini davam etdirir: “COP29 sədrliyi artıq COP30 sədrliyinə rəsmi şəkildə təhvil verilib. Bununla belə, biz COP30 komandası ilə sıx əməkdaşlıq edirik. Məqsəd COP-lar arasında keçid prosesinin ardıcıl və effektiv şəkildə davam etməsidir. Bu, qəbul olunmuş qərarların icrası və onların təsirinin artırılması baxımından çox önəmlidir”.

Nigar Arpadarai əlavə edib ki, COP29 zamanı qəbul edilən tarixi qərarlardan biri yeni maliyyə çərçivəsi ilə bağlı idi: “Bakıdan Belemə yol xəritəsi” adlı hesabatda 300 milyard dollarlıq iqlim maliyyəsinin 1,3 trilyon dollara qədər artırılması istiqamətində tövsiyələr təqdim olundu. Həm COP29, həm də COP30 komandaları bu sənəd üzərində sıx işləyiblər”.

Onun sözlərinə görə, COP30-da qeyri-hökumət təşkilatlarının təşəbbüsləri 6 əsas istiqamət üzrə birləşdirilərək 5 illik fəaliyyət planı çərçivəsində təqdim olunub.

“Xatırlatmaq istərdim ki, COP29 zamanı biz ilk dəfə Mavi Zonada Biznes və Xeyriyyəçilik Forumunu təşkil etdik. Minə yaxın şirkət iştirak etdi və bu, özəl sektorun iqlim fəaliyyətinə qoşulmasında dönüş nöqtəsi oldu. Həmçinin Azərbaycanda keçirilən İqlim həftələri bu istiqamətdə davamlılığı təmin edir. COP29-un əsas irsi ondan ibarətdir ki, dayanıqlılıq prinsipləri artıq bizim cəmiyyətin müxtəlif sahələrinə inteqrasiya olunur”, – deyə Nigar Arpadarai əlavə edib.

Избранный
67
azertag.az

1Источники