RU

Mənim övladım da hərbçidir, həmin təyyarədə olmuşdu – Hərbi ekspert qəzadan danışdı

“Türkiyə Silahlı Qüvvələrinin təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması böyük faciədir”.

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Ekspertin sözlərinə görə, Türkiyə Silahlı Qüvvələrinin tarixində çoxsaylı hadisələr baş verib və bu kimi faciələr təəssüf ki, qaçılmazdır:

“Türkiyə böyük dövlətdir, müharibə aparır və qarşıda yerinə yetirməli çox vəzifələri var. Ona görə də belə hadisələr baş verir. Bu, həyatda hər şeyin mümkün olduğunu bir daha göstərir”.

Üzeyir Cəfərov qeyd edib ki, qəza baş verən C-130 hərbi təyyarəsi 50 ildən çoxdur istismardadır.

“Hər bir texnikanın müəyyən istismar müddəti var. Bu təyyarələr də dövri olaraq əsaslı və cari təmirdən keçirilir. Son məlumatlara görə, həmin təyyarə 2020-ci ildə təmirdən çıxıb. Türkiyə bu məsələlərdə çox ciddi davranır.  Texniki baxışlar və təmir prosedurları yüksək səviyyədə həyata keçirilir. Ancaq texnika riskdən sığortalanmayıb. Türkiyədə bu kimi məsələlərə bizdən fərqli olaraq daha sərt və geniş şəkildə yanaşılır”,- ekspert bildirib.

Cəfərov hesab edir ki, baş verən hadisədən sonra C-130 tipli təyyarələrin istismar vəziyyəti yenidən dəyərləndiriləcək:

“Bu təyyarələr uzun illərdir uğurla xidmət edir, lakin bazanın yenilənməsi vacibdir. Hər texnika müəyyən dövr yaşayır”.

Ekspert əlavə edib ki, ötən illərdə Azərbaycan hərbçiləri də qardaş Türkiyənin eyni tip təyyarələrindən təlimlər zamanı istifadə ediblər:

“Mənim övladım da hərbçidir. Konyada keçirilən təlimlərdə iştirak edəndə həmin təyyarədən istifadə olunmuşdu. Biz Azərbaycan və Türkiyə olaraq bir çox məsələləri müştərək qaydada həyata keçiririk”.

Hadisənin səbəblərinə gəlincə, Üzeyir Cəfərov qeyd edib ki, ilkin müşahidələrə əsasən, təyyarənin raketlə vurulması ehtimalı çox azdır:

“Əgər təyyarə raketlə vurulsaydı, dərhal paramparça olardı. Görüntülər göstərir ki, təyyarə havada parçalanaraq yerə düşüb. Bu isə daxili texniki nasazlıq və ya digər səbəblərlə əlaqəli ola bilər. Yüklərin düzgün sabitlənməməsi, korroziya, struktur zəifliyi, yanacaq keyfiyyəti və ya mühərrik nasazlığı kimi amillər istisna edilmir”.

Ekspert bildirib ki, Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya və Gürcüstanın müdafiə naziri İrakli Çikovani hadisə yerinə gedib, araşdırmalar davam edir:

“Təyyarənin Türkiyədən Gəncəyə, oradan da uçuşuna qədər bütün mərhələlər incələnəcək. Bu təyyarələrdə dörd mühərrik fəaliyyət göstərir və onların hamısının eyni anda sıradan çıxması çox çətindir. Pilotların təcrübəsi və dinamik idarəetmə sistemi də nəzərə alınacaq. Hadisənin səbəbləri yalnız ekspertiza nəticəsində dəqiqləşəcək”.

Üzeyir Cəfərov həmçinin bildirib ki, təyyarəyə son texniki baxış 5 il əvvəl keçirilib və hadisədən sonra Türkiyə Müdafiə Nazirliyi istismar qaydaları ilə bağlı yeni qərarlar verə bilər.

“Allah şəhid olan qardaşlarımıza rəhmət eləsin, məkanları cənnət olsun. Türkiyə Milli Müdafiə Nazirliyi artıq onları şəhid elan edib. Bu, çox ağır anlardır”,- deyə ekspert vurğulayıb.

Xatırladaq ki, Gəncə şəhərindən Türkiyəyə yola düşən C-130 hərbi yük təyyarəsi Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarənin göyərtəsindəki 20 nəfərin hamısı həlak olub.

Избранный
3
2
millitv.net

3Источники