BAKI, 13 noyabr. TELEQRAF
İsveçrənin iqtisadiyyat naziri Gi Parmelen və ölkənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) direktoru Helena Budliqer Artieda ticarət danışıqları aparmaq və gömrük rüsumlarına dair razılaşma əldə etmək məqsədilə Vaşinqtona səfər ediblər.
Teleqraf xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadla məlumat yayıb.
Agentliyin məlumatına görə, İsveçrə nümayəndə heyəti səfər çərçivəsində ABŞ-yə ixrac olunan İsveçrə istehsalı məhsullara tətbiq edilən gömrük rüsumlarının 39 faizdən 15 faizə endirilməsinə dair saziş imzalamağa ümid edir.
Bundan əvvəl "Tribune de Genève" qəzeti yazmışdı ki, “Rolex” və “Cartier” kimi lüks brendlərə sahib şirkətlərin rəhbərləri də daxil olmaqla altı İsveçrə milyarderi ABŞ prezidenti Donald Trampla Vaşinqtonda görüş keçirib. Görüşün məqsədi İsveçrədən idxal olunan mallara tətbiq edilən gömrük rüsumlarının azaldılması olub.