Müqavilə limanın modernləşdirilməsi və iqtisadi zonaların yaradılmasını nəzərdə tutur…
Poliqon xəbər verir ki, Dubay mərkəzli iri logistika operatoru DP World rəsmi olaraq Suriyanın Aralıq dənizi sahilində yerləşən Tartus limanının idarə edilməsinə start verib. Bu barədə şirkətin açıqlamasında bildirilib.
Qeyd edək ki, 2025-ci ilin may ayında Suriyanın Quru və Dəniz Limanları Baş İdarəsi ilə DP World arasında qarşılıqlı anlaşma memorandumu imzalanmışdı. Sənəd Tartusda çoxfunksiyalı terminalın inkişafı və istismarı, həmçinin liman ərazisində sənaye klasterləri və azad iqtisadi zonaların yaradılması üzrə əməkdaşlığı nəzərdə tuturdu. İyul ayında imzalanan yekun razılaşma bu öhdəlikləri rəsmiləşdirib.
Şirkətin məlumatına görə, DP World artıq limanın bütün infrastrukturunun – yanalma körpüləri, avadanlıqlar, anbar sahələri, logistik obyektlər və digər kritik elementlərin – hərtərəfli texniki qiymətləndirilməsinə başlayıb. Bu mərhələ limanın bərpası üçün detallı yol xəritəsinin hazırlanmasına əsas olacaq.
Qısamüddətli dövrdə şirkət dibi dərinləşdirmə işlərinə, eləcə də yüklərin boşaldılması üçün avadanlıqların yenilənməsi və dəyişdirilməsinə fokuslanacaq. Orta müddətli strategiya isə liman infrastrukturunun genişmiqyaslı modernləşdirilməsini, anbar güclərinin artırılmasını və bütün növ yüklər üçün yeni terminalların yaradılmasına investisiyaları nəzərdə tutur.
DP World hesab edir ki, bu layihələrin həyata keçirilməsi Tartus limanını Şərqi Aralıq dənizinin əsas dəniz və logistika habına çevirməyə imkan verəcək, bununla da ölkənin bərpası və Suriya iqtisadiyyatının yenidən qurulmasına əhəmiyyətli töhfə veriləcək.
Xatırladaq ki, Suriya prezidenti Bəşər Əsədin devrilməsindən əvvəl limanın operatoru 2019-cu ildə keçmiş Suriya hökuməti ilə 49 illik investisiya müqaviləsi imzalamış Rusiya şirkəti “STG İnşaat” olub. Müqavilə şirkətin limanın modernləşdirilməsinə 500 milyon dollardan çox sərmayə qoymasını nəzərdə tuturdu. Yeni Suriya hökuməti həmin müqaviləni bu ilin yanvarında birtərəfli qaydada ləğv edib.
Poliqon.info