RU

Bütün borcluların nəzərinə: Məsələ çox ciddidir

“Fərqi yoxdur, kimə borclusunuz: banka və ya digər şəxsə. Xüsusilə əgər borcunuz ipoteka (yəni ev, mənzil, torpaq, avtomobil girovu) ilə təmin edilibsə, bu yazını mütləq oxuyun. Çünki elə bilirsiniz ki, borclu olduğunuz şəxs (yəni kreditor) sizdən borcu və ipotekaya tutmanı yalnız məhkəmə qaydasında tələb edə bilər”.

Ölkə.Az xəbər verir ki, bu sözləri iqtisadçı Əkrəm Həsənov qeyd edib. O bildirib ki, banklar məhkəmə qərarı olmadan borclu şəxsin əmlakını satışa çıxara bilər:

“Əslində isə bir müddətdir ki, “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə daxil edilmiş maddədən banklar və bank olmayan kredit təşkilatları sui-istifadə etməyə başlayıb. Həmin maddəyə əsasən “İpoteka haqqında” Qanuna əsasən aparılan notariusun icra qeydinə dair borclu tərəfindən iddianın qaldırılması icraatın dayandırılması üçün əsas deyil.

Notariusun icra qeydi təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Bunun üçün kreditor icra qeydinin aparılması üçün notariusa müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Borclu bundan şikayət etmədiyi halda kreditor notariusa müraciət edib icra qeydini alır və icra məmuru onun icrasını həyata keçirməyə başlayır. O cümlədən ipotekaya qoyulmuş əmlakın hərracını keçirir və s. Yəni məhkəməsiz-filansız. Hətta borc məbləği əslində mübahisəli olduğu halda. Əksər hallarda belə də olur, çünki banklar faiz və cərimə məbləğlərini şişirdir”.

Ekspert belə işlərin sayının artmaqda olduğunu söyləyib:

“Məsələn, bank təxmini 30 min manat borcu olan şəxsə bildiriş göndərib, əsas borc və faizdən əlavə 10 min manat cərimə də tələb edib. Borclu başa düşməyib, fikir verməyib, elə bilib ki, sadəcə borcun ödənilməsini tələb edir. Amma bildirişdə notariusun icra qeydi barədə də vurğu olub. 20 gün ötüb və bank notarisudan icra qeydini alıb və icra məmuru artıq ipotekada olan evin satışını həyata keçirmək əzmindədir. Təbii, borc məbləğinin özü mübahisəlidir, ən azı cərimə məbləği. Amma notariuslar bunu yoxlamır. İcra məmuru da icraatı dayandırmır. Borclu məhkəməyə müraciət etdiyi halda belə. O cümlədən müvəqqəti təminat tədbiri çərçivəsində də məhkəmələr icraatı dayandırmır.

Yaranmış vəziyyət qanunsuzdur. “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsi ən azı Konstitusiyanın 29-cu (“Mülkiyyət hüququ”) və 60-cı (“Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı”) maddələrinə ziddir. Çünki borclunu məhkəmə təminatı olmadan mülkiyyətindən məhrum edir. Şikayət etmək imkanı da verilmir. Kreditorlar da şişirdilmiş borc məbləğini tələb edir. Ümid edirəm ki, Konstitusiya Məhkəməsi yekunda “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinin bu qanunsuz müddəasını ləğv edəcək. 

Odur ki, kreditordan notariusun icra qeydinin tətbiq ediləcəyi ilə bağlı bildiriş almış hər kəsə tövsiyə edirəm ki, üç həftə ərzində şikayət versinlər, yəni icra qeydinin özünü gözləməsinlər. Belə ki, “İpoteka haqqında” Qanunun 37.1-ci maddəsinə əsasən, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Əlbəttə, bu müddəanın özü də absurddur. Çünki prosessual qanunvericiliyə görə şikayəti məhkəmə aktlarından vermək olar. Kreditorun bildirişindən şikayətin verilməsi nəzərdə tutulmayıb (elektron məhkəmə sistemində də belə imkan yoxdur). Bununla belə, başqa yol da yoxdur. Tövsiyə edirəm ki, borclu dərhal kreditora qarşı məhkəmədə iddia qaldırsın (məsələn, borc məbləğini mübahisələndirsin). İddia ərizəsində onun həmçinin şikayət olduğunu böyük hərflərlə vurğulasın. Kreditora da etiraz xarakterli cavab məktubunun yazılmasını tövsiyə edirəm.

Bu halla artıq üzləşmiş və vaxtında şikayət verməyərək notariusun icra qeydinə məruz qalmış vətəndaşlara isə tövsiyə edirəm ki, hər bir halda məhkəmələrə, o cümlədən Konstitusiya Məhkəməsinə müraciət etsinlər. Ombudsmana da şikayət edin ki, o da Konstitusiya Məhkəməsinə müraciət etsin".

Billurə
 

Избранный
19
12
olke.az

10Источники