RU

Son 5 ildə qəzalı məktəblərin sayı 2,5 dəfə azalıb - Emin Əmrullayev

BAKI,TurkicWorld

Son 5 ildə qəzalı məktəblərin sayı 2,5 dəfə azalıb. Əvvəllər bu say 1000 idisə, indi 400-dən azdır. Bu, hər il təxminən 100 məktəbin yenilənməsi deməkdir.

TurkicWorld xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir vurğulayıb ki, hazırda bu məktəblərin ya əsaslı təmirə, ya da yenidən tikintisinə ehtiyac var. Bu işlərin hamısının qısa müddətdə görülməsi mümkün deyil və əsasən maliyyə imkanlarından asılıdır:

"2003-2025-ci illər ərzində 3600-dən çox məktəb binası tikilib və əsaslı təmir edilib. Bu tədbirlər nəticəsində 1,3 milyondan çox şagirdin təhsil şəraiti əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

2025-ci ildə dövlət əsaslı vəsait qoyuluşu hesabına 47 təhsil müəssisəsində tikinti-quraşdırma işləri aparılıb, 20 təhsil müəssisəsinin tikintisi və təmiri başa çatdırılıb".

E.Əmrullayev qeyd edib ki, Elm və Təhsil Nazirliyi böyük məktəblərə və çox sayda şagirdi olan müəssisələrə üstünlük verir.

"Kiçik həcmli məktəblər üçün isə daha qənaətcil və ehtiyaca uyğun layihələrin hazırlanması vacib sayılır. Məsələn, 150–200 şagirdlik məktəbdə böyük idman zalının tikilməsi məqsədəuyğun olmaya bilər. Bu baxımdan, standartların yenidən nəzərdən keçirilməsi planlaşdırılır", - deyə o qeyd edib.

Избранный
27
1
turkic.world

2Источники