Çinin Haynan adasında arxeoloqlar 12.000-13.000 il yaşı olan ən qədim dəfn yeri kəşf ediblər. Məzar Sanya şəhərindəki Lobidonq mağarasında, yəni Düşən Lələk Mağarasında tapılıb.
Ölkə.az xəbər verir ki, bu barədə "China Daily" məlumat verib.
Pekin Universitetinin Arxeologiya və Muzeyşünaslıq Məktəbinin tədqiqatçısı və qazıntı direktoru Li Fenqin sözlərinə görə, bu, "Cənubi Çində ən aydın şəkildə müəyyən edilmiş paleolit dövrü dəfn yeridir".
İlkin təhlillər göstərib ki, qalıqlar uşağa məxsusdur. Skelet ayaqları içəri girmiş vəziyyətdə yan tərəfdə tapılıb və yaxşı vəziyyətdədir. Baş və bel yaxınlığında çoxsaylı ilbiz qabığı bəzəkləri, bir neçə daş alət və oxra parçaları tapılıb.
Lobidonq Mağarası ilk dəfə 1983-cü ildə kəşf edilib. 1992-1993-cü illərdə aparılan qazıntılar nəticəsində insan sümükləri, daş və sümük artefaktları və heyvan qalıqları aşkar edilib.
Həmidə İbrahimova