RU

İşgəncənin tətbiqinin Ermənistan dövlətinin siyasətini əks etdirdiyi sübut olunub - Prokuror

Noyabrın 13-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi dövlət ittihamını müdafiə edən prokurorların ittiham çıxışı ilə davam etdirilir.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məhkəmədə ittiham çıxışının verilmiş ittihamlar üzrə əməlin tövsifinə hüquqi qiymət hissəsi elan edilib.

Dövlət ittihamını müdafiə edən prokuror bildirib ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının suveren ərazilərinin işğal edildiyini, bununla da Ermənistanın Azərbaycana qarşı təcavüzkar müharibə apardığını təsdiqləyib.

İttiham çıxışında göstərilib ki, Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzkar müharibə aktiv hərbi əməliyyatların aparılmadığı dövrdə belə faktiki olaraq dayandırılmayıb.

Təcavüzkar müharibənin gedişində atəşkəs dəfələrlə pozulmaqla Azərbaycan Respublikası ərazisində qanuni fəaliyyət göstərən onun Silahlı Qüvvələrinin üzvləri, mülki şəxslər, onların əmlakları, mülki təyinatlı dövlət obyektləri, dini, təhsil, elm, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdiyi yerlər, habelə mühüm strateji əhəmiyyətə malik obyektlər, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft kəməri hücum obyektinə çevrilib.

Habelə bildirilib ki, işgəncələrin sistematik xarakter daşıması və geniş coğrafiyada yayılması işgəncənin tətbiqinin Ermənistan dövlətinin siyasətini əks etdirdiyini sübut edir.

Vurğulanıb ki, Cenevrə Konvensiyalarına I Əlavə Protokol "işğal edən dövlətin öz vətəndaşlarının bir hissəsini işğal etdiyi əraziyə köçürməsini" cinayət sayıb. Qeyd edilib ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Arayik Harutyunyan, Arkadi Qukasyan və Bako Sahakyan ifadələrində Azərbaycanın işğal altında olan bölgələrinə, xüsusən də Laçın rayonuna Ermənistandan əhalinin köçürüldüyünü təsdiqləyiblər. Eyni zamanda, bu faktlar məhkəmə istintaqında tədqiq edilmiş məktublar, erməni mənbələrin məlumatları və internet informasiya ehtiyatında olan məlumatlara əsasən təsdiq olunub.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Избранный
24
26
day.az

10Источники