RU

Qəzza: Müharibə bitdi, epidemiya başlayır

BAKI, 13 noyabr. TELEQRAF

Qəzza zolağında ekoloji vəziyyət fəlakətli həddə çatır və epidemiya riski yüksəkdir.

Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı zolağın cənubunda yerləşən Xan-Yunis şəhərinin merinə istinadla məlumat yayıb.

“Əsl fəlakətlə üz-üzəyik, bu da xəstəliklər və epidemiyanın yayılmasına gətirib çıxaracaq”, - o bildirib.

Merin sözlərinə görə, hərbi əməliyyatlar nəticəsində Qəzzada dağıntıların miqyası o qədər böyükdür ki, zibil və tullantı toplanan yerlərə çıxış çətinləşib və onların vaxtında daşınması mümkünsüz hala gəlib. Vəziyyəti daha da ağırlaşdıran səbəblərdən biri də bombardmanlar nəticəsində zolağın bitki örtüyünün 90 faizinin məhv olmasıdır.

Noyabrın 7-də BMT-nin İnkişaf Proqramının (UNDP) Qəzza şöbəsinin rəhbəri Alessandro Mrakiç “Reuters”ə deyib ki, zolaq tonlarla tullantı ilə örtülüb və antisanitariya şəraiti yerli əhali üçün ciddi sağlamlıq təhlükəsi yaradır.

Yaxın Şərqdə vəziyyət 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS Hərəkatının silahlılarının Qəzzadan İsrail ərazisinə daxil olmasından sonra kəskin gərginləşib. Bu hücum sərhəd yaşayış məntəqələrinin sakinlərinin qətlə yetirilməsi və 250-dən çox girovun götürülməsi ilə müşayiət olunub.

İsrail buna cavab olaraq zolaqda HƏMAS-ın hərbi-siyasi strukturlarını məhv etmək və bütün girovları azad etmək məqsədilə hərbi əməliyyata başlayıb. Cari ilin oktyabrın 6-da İsrail və HƏMAS nümayəndə heyətləri Misir, Qətər, ABŞ və Türkiyənin vasitəçiliyi ilə münaqişənin həlli üzrə dolayı danışıqları bərpa ediblər. Oktyabrın 9-da tərəflər ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülmüş sülh planının birinci mərhələsinin icrasına dair razılaşma imzalayıblar. Qəzzada atəşkəs haqqında saziş oktyabrın 10-da qüvvəyə minib.

Избранный
35
2
teleqraf.com

3Источники