Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Kiyev, 13 noyabr, AZƏRTAC
Ukrayna Birləşmiş Ştatlarla birlikdə Rusiyanın hücum PUA-larına qarşı istifadə ediləcək dron əleyhinə vasitələrin istehsalına başlayıb.
AZƏRTAC “Bloomberg”ə istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.
“Bu, Amerika-Ukrayna birgə istehsalıdır. Ümid edirəm ki, gələcəkdə daha çox dron əleyhinə vasitələrimiz olacaq”, - deyə Ukrayna Prezidenti bildirib.
Daha əvvəl Zelenski Ukraynanın noyabr ayının sonuna qədər gündə 600-800 ədəd dron əleyhinə vasitə istehsal edəcəyini bildirmişdi. Lakin Rusiyanın atəşi davam etdirməsi bu plana mane ola bilər.
Müdafiə naziri Denis Şmıqal da əvvəllər söz vermişdi ki, tezliklə gündəlik 1000 ədəd dron əleyhinə vasitə istehsal ediləcək. O, bunun Ukraynanın Rusiya işğalçılarının gecə hücumlarına cavabı olduğunu bildirmişdi.
Qeyd etmək lazımdır ki, Ukraynada artıq reaktiv mühərrikli “Şahed” PUA-larına qarşı istifadə edilən dron əleyhinə sistemlər mövcuddur.
Bundan əlavə, payızda Böyük Britaniyanın Ukrayna ilə qabaqcıl hərbi texnikanın birgə hazırlanması və istehsalı haqqında müqavilə imzalayacağı bildirilir. Bu sənəd hər iki ölkənin milli təhlükəsizliyini gücləndirəcək texnologiya mübadiləsini nəzərdə tutur.
Ukrayna hazırda Rusiyanın idarə olunan hava bombalarına qarşı mübarizə aparmaq istiqamətində çalışır. Bu məqsədlə bir neçə şirkət səfərbər olunub. Bundan əlavə, ukraynalı mühəndislər artıq yüzlərlə “Şahed” dronunu vuran ucuz vasitələr yaradıblar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.