Moderator.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, Medianın İnkişafı Agentliyi (MEDİA) çap media subyektlərinə dəstək üçün müsabiqə elan edib.
Budəfəki müsabiqə şərtlərinə görə, MEDİA qəzetlərin həftədə yalnız bir nömrəsini maliyyələşdirəcək.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, qəzetlərə ümumi yanaşma tətbiq edilərək onların hamısının yalnız həftədə bir nömrəsinin maliyyələşdirilməsi prinsipi əsas götürülüb.
O bildirib ki, qəzet redaksiyaları getdikcə bahalaşan mətbəə, kağız və bu qəbildən olan müxtəlif texniki xərclərini optimallaşdırmalı, yeni reallıqlara uyğunlaşaraq rəqəmsal platformalarda öz yerlərini möhkəmləndirməlidirlər: “Aydın məsələdir ki, bu, media menecmentin yenilənməsi, materialların yazı və təqdimat formalarının təkmilləşdirilməsi və s. kimi çoxtərəfli, lakin medianın gələcəyi ilə bağlı həyati əhəmiyyətli yaradıcı məsələdir”.
Bu qərar ənənəvi jurnalistikanın gələcəyinə necə təsir edəcək?
Bu barədə Moderator.az-a danışan media mütəxəssisi, professor Qulu Məhərrəmli deyib ki, belə bir qərarın qəbul olunması, əlbəttə, qəzetlərin xeyrinə deyil.
Onun sözlərinə görə, bu, o deməkdir ki, gələcəkdə qəzetlə bağlı davamlı problemlər olacaq:
“Görünür, Medianın İnkişafı Agentliyi (MEDİA) qəzetlərin oxunma və yayılma tirajını əsas götürür və buna əsasən belə qərar qəbul edir. Çünki indi insanlar, həqiqətən, qəzet almırlar. Amma bu, o demək deyil ki, qəzet “yaşamamalıdır” və çətinliklər olacaq, əlbəttə. Yeni reklam bazarının genişləndirilməsinə ehtiyac var. Digər yeni, qanuni mənbələrin olması vacibdir ki, Azərbaycanda qəzetçilik inkişaf etsin, özünü saxlaya bilsin. Belə olmasa, əlbəttə ki, biz yaxın zamanlarda qəzet böhranı ilə üz-üzə olacağıq”.
Mehin Mehmanqızı
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.