RU

Qahirədə “Hivar” Mərkəzində Azərbaycanla bağlı tədbir keçirilib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Qahirə, 14 noyabr, AZƏRTAC

Qahirədə Misirin “Hivar” (Dialoq) Humanitar Araşdırmalar Fondunun Siyasi və Media Araşdırmaları Mərkəzi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda sülh və əməkdaşlıq imkanları” mövzusunda seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Fondun rəhbərliyi, Azərbaycanın Misirdəki səfiri, BMTM-in nümayəndə heyəti, siyasi ekspertlər və yerli media nümayəndələri iştirak ediblər.

“Hivar” Humanitar Araşdırmaları Fondunun direktoru Həmdi Ləbib açılış nitqində ölkəmizi Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Regionumuzun sülhə və sabitliyə ehtiyacı olduğunu bildirən natiq ölkəmizin bu istiqamətdə atdığı addımları yüksək qiymətləndirib. Həmdi Ləbib Misirlə Azərbaycan arasında bir çox sahədə oxşarlıqlar olduğunu diqqətə çatdırıb. Ölkələrimiz arasında əlaqələrin inkişafında və möhkəmlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb.

Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov çıxışında “Hivar” mərkəzinin ölkəmizlə bağlı silsilə nəşrlər hazırladığını qeyd edib, onun əməkdaşlıq yollarının müzakirəsi üçün yaxşı platforma olduğunu bildirib. Diplomat Azərbaycan və Misirin çoxkonfessiyalı və çoxmədəniyyətli ölkələr olduğunu bildirib. Hər iki dövlət regionlarında sülh və sabitliyin yaranmasında maraqlıdır və bunun təmin olunmasına çalışır. Səfir, həmçinin Misir, Türkiyə və Qətərin dəstəyi ilə Qəzzada sülhün bərqərar olmasının, ABŞ Prezidentinin iştirakı ilə Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılaşmaların xalqların dayanıqlı sülhə və gələcəyə baxışını gücləndirdiyini vurğulayıb.

Daha sonra BMTM-in İdarə Heyətinin üzvü Cavid Vəliyev “Azərbaycanın xarici siyasəti, Yaxın Şərq və Şimali Afrika regionu” mövzusunda çıxış edib. Natiq qeyd edib ki, ərazilərin azad olunması bir çox sahələrdə yeni əməkdaşlıq imkanları yaradıb. Azərbaycanın xarici siyasəti barədə qısaca danışan C.Vəliyev onun formalaşmasında rol oynayan əsas faktorları diqqətə çatdırıb. Azərbaycan ilə Misir, ümumilikdə Yaxın Şərq regionu ölkələri arasında əlaqələrə toxunan ekspert bir çox sahədə əməkdaşlıq imkanlarının olduğunu qeyd edib. Hər iki regionun ənənəvi və bərpaolunan enerji mənbələri ilə zəngin olduğunu diqqətə çatdıran C.Vəliyev bu sahədə tərəfdaşlıq üçün sazişlər imzalandığını bildirib. Vurğulanıb ki, Azərbaycan Cənubi Qafqazda və eləcə də Yaxın Şərq regionunda sülh və sabitliyin yaranmasına və möhkəmlənməsinə töhfə verir.

Sonra İsgəndəriyyə Kitabxanası nəzdində Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı Suzan Abid “Misir və Azərbaycan arasında mədəni əlaqələr: ümidverici perspektivlər” mövzusunda danışıb. Misirli tədqiqatçı müştərək sərgi və tədbirlərin keçirilməsinə ehtiyac olduğunu dilə gətirib. O, Strateji Araşdırmalar Mərkəzinin əməkdaşlığa hazır olduğunu bildirib.

BMTM-in şöbə müdiri Şahmar Hacıyev “Enerji geosiyasəti və Azərbaycanın strategiyası” mövzusunda çıxış edib. Çıxışda “Əsrin müqaviləsi”, BTC, Cənub Qaz Dəhlizi, TANAP, TAP, Orta Dəhliz haqqında danışılıb, Azərbaycanın beynəlxalq şirkətlərlə ənənəvi və bərpaolunan enerji mənbələri sahələrində tərəfdaşlığına toxunub.

BMTM-in aparıcı məsləhətçisi Lalə Xəlilzadə “Azərbaycanla Misir arasında ikitərəfli əlaqələrdə yeni mərhələ və əməkdaşlıq imkanları haqqında danışıb. İkitərəfli diplomatik münasibətlərin yaranması tarixi barədə qısa danışan ekspert əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin və bu zaman imzalanan sənədlərin rolunu vurğulayıb.

Daha sonra “Hivar” mərkəzinin Azərbaycanla bağlı hazırladığı nəşrlər haqqında qısa təqdimat olub.

Müzakirələrdən sonra Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə “Hivar” mərkəzi arasında anlaşma memorandumu imzalanıb.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
120
1
azertag.az

2Источники