Hər ilin sonunda növbəti ilə dair proqnozlarını dərc edən “The Economist” jurnalı bu dəfə də ənənəsinə sadiq qalaraq 2026-cı ildə baş verə biləcək hadisələri əhatə edən yeni seriyasını yayımlayıb.
Publika.az xəbər verir ki, jurnal həmin dövrü təsvir etmək üçün “Trumpnado” (Trump qasırğası) adlandırdığı yeni termindən istifadə edib.
“Bu, ABŞ prezidenti Donald Trampın dünyasıdır, biz isə yalnız onun içindən keçməyə çalışırıq”, - jurnalın redaktoru Tom Standage bildirib.
Proqnoza görə, ABŞ yaranmasının 250-ci ildönümünə yaxınlaşarkən ölkədə siyasi qütbləşmə tarixdə görünməmiş səviyyəyə çatıb. Respublikaçılar və Demokratlar ölkənin keçmişi barədə tamamilə fərqli hekayələr təqdim edirlər. 2026-cı ilin noyabrında keçiriləcək ara seçkilər isə yalnız seçki qutusu uğrunda mübarizə olmayacaq, həm də ölkənin gələcək vizyonunun necə formalaşacağına yön verəcək.
Ekspertlər hesab edir ki, Demokratlar Nümayəndələr Palatasında üstünlük qazansalar belə, Trampın idarəetmə tərzi, tarif maneələri, sərt bəyanatlar və icra sərəncamlarının ardıcıl tətbiqi səngimədən davam edəcək.