RU

Adnan Əhmədzadə Ramiz Mehdiyevin nəvəsinin Dubaydakı şirkətinə hər ay pul ötürürmüş – SENSASİON DETALLAR

Hazırda istintaq altında olan SOCAR-ın İnvestisiyalar və Marketinq üzrə vitse-prezidentinin sabiq müavini Adnan Əhmədzadə haqqında yeni və sensasion detallar üzə çıxır.

Musavat.com xəbər verir ki, Adnan Əhmədzadənin nəzarətində olan şirkətlərdən biri vasitəsilə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin nəvəsinin Dubaydakı şirkətinə illərlə böyük məbləğlərdə pul köçürülüb.

Gununsesi.info özəl mənbələrə istinadla yazır ki, Adnan Əhmədzadənin ifadəsində yer alan daha diqqətçəkən məqam köçürmələrə hələ Mehdiyev PA-ya rəhbərlik etdiyi dövrdə start verilib və Mehdiyev vəzifədən getdikdən sonra belə bu əməliyyatların dayandırılması barədə heç bir göstəriş verilməyib. Adnan Əhmədzadənin sözlərinə görə, pul ötürmələri son dövrlərə qədər eyni qaydada davam edib. Uzun illər PA-ya rəhbərlik edən Ramiz Mehdiyev həm də siyasi elitanın formalaşmasında əsas fiqur kimi tanınırdı.

Onun idarəçiliyi dövründə onlarla nazir, deputat, rektor və səfir onun siyasi “orbitinə” daxil oldu və böyük mövqelər qazandı. Bu gün həmin komanda demək olar ki, dərin sükuta qərq olub. Ramiz Mehdiyevin həbsi isə keçmiş PA komandası - Əli Həsənovdan tutmuş Eldar Mahmudova, Elmar Məmmədyarova, Əbülfəs Qarayevə, Oqtay Əsədova, Əsabil Qasımova, Elmira Axundova və Nəcməddin Sadıkova qədər bir çox şəxsin adını yenidən gündəmə gətirib. 87 yaşlı Ramiz Mehdiyevə irəli sürülmüş ittihamlar kifayət qədər ağırdır: CM-in 274-cü maddəsi – dövlətə xəyanət, 278-ci maddəsi – hakimiyyəti zorla ələ keçirmə, həmçinin 193-1-ci maddə – cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması.

İttiham aktında yer alan hakimiyyəti zorla ələ keçirmə ifadəsi göstərir ki, Ramiz Mehdiyev bu addımı təkbaşına ata bilməzdi. Bu, arxasında ciddi təşkilatlanmış şəbəkənin dayandığını göstərən ən mühüm hüquqi elementdir. Məlumata görə, Ramiz Mehdiyevin həbsi birbaşa Adnan Əhmədzadə işi ilə əlaqəlidir. Adnan Əhmədzadənin istintaqa verdiyi ifadələr Azərbaycanın enerji təhlükəsizliyinə qarşı planlaşdırılan təxribatları, habelə ölkənin iqtisadi nüfuzuna zərbə vurmaq məqsədi daşıyan ssenariləri üzə çıxarıb. Məqsəd Azərbaycanın Qərb tərəfdaşları qarşısında etibarlılığına xələl gətirmək və ölkəni Rusiyanın sanksiya mexanizmlərini yarmaq üçün istifadə olunan platformaya çevirmək olub. Bu zəncirin bir həlqəsi kimi Ramiz Mehdiyevin adı hallanır. Onun Rusiya siyasi çevrələri ilə uzun illər davam edən yaxın əlaqələri, ailə üzvləri vasitəsilə müxtəlif iqtisadi layihələrə təsir imkanları, eləcə də “Bank BTB” üzərində dolayısı nəzarəti artıq istintaq materiallarına daxil edilib. Bankın səhmlərinin 76,74 faizinə sahib olan Nigar Mehdiyeva Ramiz Mehdiyevin gəlinidir. Bank bu ilin ilk 9 ayında 641 min manat zərər açıqlayıb ki, bu da ötən illə müqayisədə 30 faiz artım deməkdir. Bu rəqəm istintaqın toxunduğu mümkün pulyuma əməliyyatlarının maliyyə izi ola bilər. Ekspertlər hesab edir ki, Ramiz Mehdiyevin həbsi ilə “beşinci kolon” adlandırılan, dövlət strukturlarında illərlə kök salmış və Rusiyanın maraqlarına işləyən şəbəkənin ifşası mərhələsi başlayıb. Bu şəbəkənin ideoloji qoluna keçmiş təbliğat rəhbəri Əli Həsənov, hərbi xəttinə isə keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkov rəhbərlik edirdi.

Mehdiyevin nəvəsinin Dubaydakı hesabına ümumilikdə köçürülən məbləğin 70-80 milyon dollar civarında olduğu ehtimal edilir. Bu isə sadəcə bir biznes əməliyyatı deyil, uzun illər işləyən sistemli maliyyə xəttinin mövcudluğunu göstərir.

Mehdiyev-Əhmədzadə xətti şəxsi münasibətə söykənib, yoxsa koordinasiya olunub?

SOCAR yetkilisi, Azərbaycan neftini xarici bazarlarda satan əsas şəxs nə üçün sabiq PA rəhbərinin nəvəsinin şirkətinə milyonlarla dollar ötürsün və bu proses niyə Ramiz Mehdiyevin vəzifədən getməsindən sonra da eyni templə davam etsin?

Bu mənzərə klassik himayə mexanizminə bənzəmir. Əksinə, Adnan Əhmədzadə sanki özündən yuxarı koordinasiya mərkəzindən gələn yazılmamış qaydaya əməl edib. Köhnə sistemin maliyyə arteriyası avtomatik şəkildə fəaliyyətini davam etdirib. Ramiz Mehdiyevin Moskva siyasi dairələri ilə yaxın əlaqələri illərdir müzakirə mövzusudur. Onun ölkədaxili siyasi proseslərə təsir imkanlarının bir qismi də məhz bu əlaqələrdən qaynaqlanırdı. Eyni zamanda, Adnan Əhmədzadənin biznes fəaliyyətinin də Rusiya kapitallı qruplarla kəsişməsi barədə iddialar mövcuddur. Bu faktlar birlikdə götürüldükdə belə bir ehtimal aktuallaşır. Mehdiyev–Əhmədzadə xətti təkcə daxili maliyyə sxemi deyil, Rusiyaya bağlı koordinasiya dairələri ilə paralel işləyən kapital kanallarının bir hissəsi ola bilər. Dubay köçürmələrinin uzun illər nəzarətsiz qalması da bu versiyanı gücləndirən ciddi amildir. 70-80 milyon dollar hansı xidmətin əvəzidir? Bu məbləğ nə borca, nə də adi kommersiya tərəfdaşlığına uyğundur. Burada söhbət şəbəkədaxili ödənişlərdən, siyasi-himayə mexanizminin maliyyə təminatından, yaxud sistemli kapital çıxarışından gedə bilər. Adnan Əhmədzadənin “mənə dayandırmaq barədə göstəriş verilmədi” deməsi də sistemin fərdi yox, mərkəzləşdirilmiş şəkildə işlədiyini göstərir. Ramiz Mehdiyevin həbsi ilə başlayan proseslər təkcə siyasi yox, həm də maliyyə yönümlü şəbəkələrin deşifrasiyası mərhələsinin başladığını göstərir. Dubay köçürmələri köhnə sistemin uzun illər gizlədiyi maliyyə arteriyalarını bir-bir açmağa başlayıb. Aydın olur ki, Əhmədzadə-Mehdiyev xətti sadəcə iki şəxsin münasibəti deyil. Həm daxildə, həm də xaricdə dayaqları olan koordinasiyalı sistemin tərkib hissəsidir. Musavat.com-un əldə etdiyi məlumatlar göstərir ki, Adnan Əhmədzadə uzun illər köhnə sistemin maliyyə icraçılarından biri kimi çalışıb, Ramiz Mehdiyevin ailəsi həmin xəttin siyasi təminatçıları sırasında yer alıb. Belə görünür ki, Dubaya yönələn milyonlarla dollar sistemli kapital çıxarışının bir hissəsi olub. Bu prosesin fonunda isə Rusiya bağlantılı koordinasiya ehtimalı xüsusi araşdırma tələb edir. İstintaq davam etdikcə, görünür ki, köhnə idarəetmə sisteminin daha dərin qatları da üzə çıxacaq.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Избранный
107
musavat.com

1Источники