BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin İsmayıllı rayonundakı “DOST Evi” filialının açılışından 2 il ötür.
TurkicWorld xəbər verir ki, 2023-cü il noyabrın 15-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan “DOST Evi” İsmayıllı və ətraf rayonlarda yaşayan əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri və digər həssas əhali qruplarının yaradıcı potensialının inkişafına, sosial inteqrasiyasına dəstək məqsədi daşıyır.
Burada benefisarlar dulusçuluq, bədii oyma, dərzilik, xalçaçılıq, un məmulatları emalatxanalarında həmin istiqamətlərdə bacarıqlarını, peşə vərdişlərini təkmilləşdirirlər.
Bu günlərdə həssas qruplara aid daha 20-dək şəxs “DOST Evi”ndə təlimlərə cəlb olunub.
Ümumilikdə 10 təlim istiqaməti üzrə 6 emalatxanadan ibarət olan müəssisədə ötən dövrdə 3 həssas kateqoriyadan olan 60-dək benefisiar müxtəlif yaradıcılıq istiqamətləri üzrə təlimlərə cəlb edilib. Hazırda filialda həssas qruplara aid 46 benefisiar müxtəlif istiqamətlər üzrə təlimlərdə bacarıqlarını inkişaf etdirir.
“DOST Evi”ndə benefisiarların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində müxtəlif layihələr, dövlət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində tədbirlər (master-klaslar, infoturlar, konsert proqramları və s.) də həyata keçirilir.