Dünya o zaman gözəldir ki, analar ağlamırlar. Anaların göz yaşları qurumayanda bəşəriyyət də rahatlıq tapmır. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinə gedən oğullarına ağlayaraq xeyir-dua verən, eyni zamanda, qələbə arzulayan analarımızdan biri də Gülbəniz Heydərovadır. Zəfər yürüşünün sonunda o, şəhid oğlu Əli Heydərov üçün göz yaşlarını saxlaya bilməsə də, qələbəyə görə, ölüm-itimin dayanmasına görə sevinib.
Suqovuşan uğrunda döyüşlərdə şəhid olan Əli Heydərov 9 fevral 2002-ci ildə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda doğulub. 2008-ci ildə Bakının Binəqədi rayonu 135 nömrəli tam orta məktəbdə təhsil almağa başlayıb. Orta məktəbi bitirdikdən sonra – 2020-ci ilin mayında həqiqi hərbi xidmətə yollanıb.
Hərbi qulluğunun 4-cü ayında başlanan Vətən müharibəsində əsgər kimi döyüşlərə qatılan Əli Cəbrayılın, Füzulinin, Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub və Suqovuşanda şəhid olub. “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Bakının Pirşağı qəsəbəsindəki Şuşa məzarlığında torpağa tapşırılıb.
Əlinin anası Gülbəniz xanımla görüşdük. Bizim borcumuzdur ki, şəhid valideynlərinin ayağına gedək, onlarla həmsöhbət olaq.
– Qızım, bilirdim ki, məni axtaracaqsan. Danışım, yaz. Qoy, xalqımız bilsin ki, biz şəhid anaları Qələbəmizin sevincindən aldığımız ruhu şəhid balalarımızın ruhuna ərməğan göndəririk. Noyabrın 8-i bütün Azərbaycan analarının Zəfər bayramıdır. Birinci dəfə sizinlə görüşəndə demişdim ki, məni yaşadan oğlum Əlinin ruhudur. Əli əsgəri xidmətə gedəndə məni də, bacısını da dostuna tapşırmışdı. Sağ olsun, bu gün də həmin dostu, oğlumun sinif yoldaşları, döyüşçülər məni yad edirlər. Balamın məzarı üstündən tər güllər heç əskik olmur. Biz anaları ruhən yaşadan xalqımızın və dövlətimizin müqəddəs Şəhid adına sonsuz ehtiramıdır. Hara gediriksə, bizi yuxarı başa keçirirlər. Başımıza saldığımız örpəyimizi şəhid balalarımız daha da dəyərli ediblər.
Şəhid anası kimi nə qədər acı yaşasam da, övladımın şəhadət məqamını alqışlayıram. Oğlumun şəhid olduğu Suqovuşana getdim. O yerləri ziyarət etdim. Balamın ruhu məni sanki salamlayırdı. Biz analar beləyik. Övladlarımızın ayağına gedirik. Artıq 5 ildir ki, mən bütün bayramları onun məzarı başında keçirirəm. Şamları elə düzüb yandırıram ki, Əlinin soyuq məzarını azca da olsa, qızdıra bilim. Zəfər Gününü də orada keçirdim. Əlinin başdaşındakı şəkli ilə xeyli söhbət elədim. Dedim ki, oğul, rahat yat. Bacınla mənim arxamda yüzlərlə sənin kimi qəhrəman dayanıb. Bizi sınmağa qoymurlar. Noyabrın 8-i bütün Azərbaycan xalqı Şəhid məzarlıqlarını gül-çiçək yağışına tutdu. Hər yan üçrəngli bayraqlarımızla bəzənmişdi. Bir daha şəhid anası olmağımla fəxr elədim...
Gülbəniz ana ilə vidalaşandan sonra öz- özümə düşündüm ki, görəsən, yer üzündə analarımız qədər dözümlü, mətin insanlar varmı? Bu güc Azərbaycan Ordusunun hərbi qüdrətindən su içir desəm, kimsə məni qınamaz. Çünki bu Müzəffər Orduda yetişən oğulların qüdrəti ana məhəbbətindən yoğrulub.
Kəmalə ABDİNOVA
XQ